Saatlıda AXCP fəalı saxlanılıb

Bu gün AXCP Gənclər Komitəsi Saatlı şöbəsinin rəhbəri Ənvər Hüseynli 30 sutkalığa inzibati qaydada həbs edilib. Bu barədə Turan-a onun atası Ziyafət Hüseynli bildirib.
 
Onun sözlərinə görə, gənc dünən saxlanılıb. Polisdə onun doğmalarına bildirilib ki, guya təhqiramiz ifadələr işlədib.
 
Bu gün Ə.Hüseynli məhkəmə qarşısında dayanıb. Fəalın doğmaları və tərəfdarları zala buraxılmayıblar. Onlar rayon polis şöbəsinin rəis müavini Hacı Əhmədovun rəhbərliyi ilə polis əməkdaşları tərəfindən zaldan çıxarılıblar.
 
Məhkəmə Ə.Hüseynlini polisə tabe olmamaq ittihamı ilə 30 sutka həbs edib.
 
Gəncin atası bildirib ki, o, müxalifətyönlü fəaliyyətinə və sosial şəbəkələrdə fəallığına görə siyasi motivlərlə həbs olunub.

Google+ WhatsApp ok.ru