Məhkəmə zamanı Arif Yunusun halı pisləşib - VİDEO

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hüquq müdafiəçiləri Leyla və Arif Yunusların işi üzrə prosesdə hakimiyyət müstəqil müşahidəçilərin iştirak imkanlarını daha da məhdudlaşdırıb.
 
Belə ki, əvvəlki iclaslardan fərqli olaraq prosesə müstəqil mətbuatın bir nümayəndəsi belə buraxılmayıb.
 
ABŞ, AFR səfirliklərinin nümayəndələri və Aİ təmsilçisi çox çətiniklə prosesə qatıla biliblər, lakin qərbli diplomatların tərcüməçiləri buraxılmayıb.
 
Proses başlandıqdan bir qədər sonra məhkəmə binasına təcili yardım maşını gəlib. Vəkil Elçin Qəmbərov Turan-a bildirib ki, A.Yunusun vəziyyəti qəflətən  pisləşib, arterial təzyiqi qalxıb, huşunu itirib. İclas dayandırılıb. Həkimlər ona iynə vurublar.
 
Xatırladaq ki, A.Yunus iki dəfə - həbs və mənzilində axtarış zamanı  hipertonik kriz keçirib.
 
Saat  11.50-yə A.Yunusun vəziyyəti bir qədər stabilləşib. Arterial təzyiq 160-a enib, o özünə gəlib. Vəkil E.Qəmbərov bildirib.
 
Həkimlər  məhkəmə  zalında ona yardım göstəriblər. Məhkəmə zalı adamla dolu olduğundan çox sıxlıq yaranıb və bürküdür. Bundan əlavə, Arif və Leyla Yunuslar şüşə barmaqlıqda oturublar.
 
Məhkəmə iclası saat 13:00-dək təxirə salınıb.

Google+ WhatsApp ok.ru