Jurnalistin yaşadığı mənzildə axtarış aparılıb

Sentyabrın 26-da saat 17 radələrində Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin əməkdaşları Azadlıq Radiosu ilə əməkdaşlıq edın  İslam Şıxəlinin  kirayədə yaşadığı mənzildə axtarış aparıb. Axtarış zamanı Şıxəli mənzildə olmayıb.
 
O Turana bildirib ki, axtarış 3 saatdan çox davam edib. Axtarışdan öncə mənzilə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları da gəlib, lakin axtarış başlayanda onlar mənzili tərk edib.
 
“Axtarış zamanı mənzildə dostum Orxan Rüstəmzadə olub. Çəkilişlə bağlı olan bütün əşyalarım aparılıb. Komputer, kamera, ştativ, mikrofon, yaddaş kartları, fillip, telefon, sənədlər, nə varsa götürülüb. Qalan əşyalarım, - paltarlarım və s. evin ortasına dağıdılıb”, Şıxəli qeyd edib.
 
Onun sözlərinə görə, dostu Orxan Rüstəmzadə axtarışdan sonra prokurorluğa aparılaraq dindirilib.
 
Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsi jurnalisti sentyabrın 28-də istintaqa çağırıb.
 
İslam Şıxəli  sentyabrın 28-də saat 10-da istintaq idarəsinə gedəcəyini bildirib.
 
Öz növbəsində, Baş Prolurorluq jurnalistin evində axtarışla bağlı hələ şərh verməyib.

Google+ WhatsApp ok.ru