Bakıda 63 yaşlı polisi öldürən yeniyetmə müttəhimlər kürsüsündə

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə ittiham olunan 17 yaşlı Vüqar Yunisovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
 
Prosesə hakim İradə Həsənzadə sədrlik edib. Prosesdə ittiham aktı elan olunub.
 
Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. O, hadisədən əvvəl sabiq polis əməkdaşı Vahid Əhmədovla şəxsi münasibətlər zəminində mübahisə etdiyini, onu bıçaqladığını və törətdiyi əməldən peşman olduğunu deyib.
 
Məhkəmə prosesi oktyabrın 27-dək təxirə salınıb.
 
Xatırladaq ki, hadisə bu il may ayının 6-da Yasamal rayonunun 11-ci Xrebtovı küçəsindəki 105 saylı evdə baş verib. Sabiq polis əməkdaşının meyitini kirayə qaldığı evin sahibi tapıb və dərhal hadisə ilə bağlı Yasamal Rayon Polis İdarəsinin 28-ci bölməsinə məlumat verib.
 
Araşdırmalar zamanı üç uşaq atası olan Vahid Əhmədovun bıçaqlanaraq öldürüldüyü məlum olub. Vahid Əhmədov hadisədən bir müddət əvvəl təqaüdə çıxaraq həmin evdə tək yaşayırmış.
 
Keçirilən əməliyyat nəticəsində cinayətin Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü Vüqar Yunisov tərəfindən törədildiyi müəyyən edilib və o, həbs olunub. V. Yunisovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Google+ WhatsApp ok.ru