Vergi ödəmələri nədən azalıb?

Xəbər verildiyi kimi, 2015-ci ilin yanvar-may ayları ərzində Vergilər Nazirliyinin xəttiylə dövlət büdcəsinə 2 milyard 848 milyon 882,7 min manat vəsait daxil olaraq proqnoz tapşırığına 101,6 faiz əməl edilib.
 
“Marca”nın məlumatına görə, bu, ötən ilin eyni dövrüylə müqayisədə 8,7% azdır. Belə ki, 2014-cü ilin yanvar-may aylarında Vergilər Nazirliyinin xəttiylə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 3 milyard 121 milyon 703,4 min manat təşkil edib.
 
Iqtisadçı-ekspert Qadir Ibrahimli söyləyir ki, Azərbaycanın dövlət budcəsinin gəlirlərinin azalmasıyla bağlı olaraq vergilərdə azalma qeydə alınıb. Ekspertə görə ölkənin dövlət büdcəsinin təxminən 6 milyard manatı investisiya büdcəsi olub ki, bunun da hesabına müəyyən investisiya layihələri həyata keçirilərək büdcəyə daxilolmalar olurdu. Q.Ibrahimli söyləyir ki, həmin layihələrin böyük əksəriyyəti dayandırıldığından bu, təbii ki, büdcə ödəmələrinə, onun azalmasına təsir göstərib. Nəticədə, büdcə daxilolmalarında ciddi problemlər yaranıb:
 
“Ölkənin qeyri-neft sektoru rəqabətə davamlı deyil. Devalvasiyanın nəticələri də onu göstərdi ki, Mərkəzi Bankın vəd etdiyinin əksinə olaraq, ixrac azaldı və qeyri-neft sektorunun rəqabətə davamlı olmaması neft gəlirlərinin azaldığı dövrdə öz fəsadlarını göstərdi. Bu da avtomatik olaraq vergi ödəmələrinin azalmasına gətirib çıxarır”.

Google+ WhatsApp ok.ru