Aldığın maaş ödədiyin cəriməyə çatırmı?

Aldığın maaş ödədiyin cəriməyə çatırmı?

Azərbaycanda yol hərəkəti qayda pozuntularına görə fantastik cərimələr bu sahədə vəziyyəti dəyişməyib
 
Azərbaycanda yol hərəkəti qayda pozuntularının sayı ildən-ilə artır. Bunun səbəblərindən biri Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) müasir avadanlıqlar əldə etməsidir ki, inzibati xətaların əhəmiyyətli bir hissəsi onların vasitəsi ilə aşkar olunur. 
 
Sürücülərin cərimələnməsi bu yolla yığılan vəsaitin həcmini artırır. Bu ilin 8 ayının nəticələri ictimaiyyətə açıqlanarkən cərimələr vasitəsi ilə toplanan vəsaitin 50 milyon manat civarında olduğu etiraf olundu. Bu rəqəm ictimaiyyətin geniş müzakirəsinə səbəb olmuşdu. 
 
Bu sahədə aktuallığını qoruyan bəzi suallara hələ ki ətraflı aydınlıq gətirilməyib. Cərimələrin artırılmasına baxmayaraq nəyə görə bu qədər qayda pozuntusu qeydə alınır? Ümumiyyətlə yüksək cərimə tətbiqi effektivdirmi? Sürücülərin ödəməyə məcbur dolduğu məbləğlər ölkədə əhalinin gəlirləri ilə mütənasibdirmi? 
 
Ərşad Hüseynov: «Cərimələrin 5 dəfə artırılması, qayda pozuntularının 5 dəfə azalmasına səbəb olmur»
 
Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirir ki, bunun üçün müxtəlif ölkələrlə müqayisə aparmaq lazımdır. «Həmin ölkələrdə meyar necədir, hansı nisbət var, bu nisbət bizdə və onlarda necədir. Hər bir halda incə tədqiqat tələb edir. Ancaq kənardan baxsaq görərik ki, dünya ölkələrində orta hesabla yol hərəkəti qaydalarının pozuntularının da fərqləri var. Bizdə elə qayda pozuntular var ki, onlara dünyanın bəzi ölkələrində birbaşa həbs cəzası var». Ekspertin sözlərinə görə Azərbaycan vətəndaşının orta aylıq gəliri ilə müqayisədə cərimələr heç də dünyanın digər ölkələrindən aşağı deyil. «Bəlkə də yüksəkdir. Ancaq burda başqa məsələ də var. Niyə bəs intizamsızlıq onlarla müqayisədə bizdə yüksəkdir? Məsələn, Almaniyada cərimə Azərbaycandakından aşağıdır. Ancaq intizamsızlıq bizdə daha yüksəkdir. Söhbət ondan gedir ki, cərimələrin çox olması, ümumiyyətlə sanksiyanın tətbiqi heç bir halda hüquq pozuntusunu aradan qaldırmır. Bu auksiomanı bütün hüquqşünaslar yaxşı bilirlər. Sanksiyanın sərtləşdirilməsi, ciddi şərtlərin qoyulması heç bir halda intizamsızlığı azaltmır. Yəni, cərimələrin 5 dəfə artırılması, qayda pozuntularının 5 dəfə azalmasına səbəb olmur. İnsanların dünya görüşündə dəyişiklik olmalıdır. Hüquq pozuntusunu doğuran səbəb və şərait deyilən anlayış var. O tapılmalıdır”.
 
Azər Allahverənov: «Maarifləndimə işinin aparılmasına ehtiyac var»
 
Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov da Azərbaycanda çoxsaylı yol-nəqliyyat hadisələrinin baş verməsini xatırlatdı: “Qayda pozuntularının bir qismi sürücülər, bir hissəsi də piyadalar tərəfindən törədilir. Xüsusilə piyada zolaqlarından istifadə olunmaması, yolun qadağan olunan hissəsindən keçilməsi geniş yayılmış qayda pozuntusudur. Ümumiyyətlə bunlar etinasızlıqdan baş verir. Yol hərəkəti iştirakçısı olan istər sürücülər, istər piyadalar, istərsə də sərnişinlər bu və ya digər formada yol hərəkəti qaydalarına əhəmiyyət vermirlər. Fürsət yarandıqda həmin qaydaları çox rahat şəkildə pozurlar. Adi bir faktı deyim: Sürücülər çox zaman qarşıdan gələn yol patrul xidmətinin əməkdaşını gördükdə qaydalar çərçivəsində hərəkət edir. Telefonla danışan telefonunu gizlədir, kəmər taxmayan tez kəmər taxır və ya digər qayda pozunmtusuna yol verən şəxs pozuntunu aradan qaldırır ki, yol polisi görməsin. Faktiki olaraq bu cərimə ödəməmək istəyindən irəli gəlir. Ancaq yol patrul xidmətinin əməkdaşı, təhlükəsizlik kameraları və ya sürət cihazlar (radarlar) olmadıqda asanlıqla qaydanı pozurlar. Hesab edirlər ki, onların bu kimi davranışları normaldır”.
 
A.Allahverənov deyir ki, bütün bunlar o demək deyil ki, sürücülər qaydaları bilmirlər. Onlar qaydalar haqqında məlumatlıdırlar və onlara çox rahat şəkildə əməl etməyə hazırdırlar: “Ancaq etinasız yanaşırlar. Bir qismi buna heç bir əhəmiyyət vermir, müəyyən bir qismi özünü fövqəl hesab edir, düşünür ki, heç vaxt tutula bilməz. Yolu istənilən yerdən keçən piyada hesab edir ki, əgər burda yol patrul xidmətinin əməkdaşı yoxdursa, çox rahatlıqla yolu keçə bilər. Bu isə yollarda gərgin vəziyyətin yaranmasına səbəb olur. Hər bir yol hərəkəti qaydalarına uyğun davranış tərzi insanın daxilində olan vicdanla tənzimlənməlidir. Hər bir şəxs necə ki, cəmiyyətdə mövcud olan dövlətin digər qanunlarına əməl edir,yol hərəkəti qaydalarına da ciddi yanaşmalıdır. Ən azından bu hər bir vətəndaşın sərgiləməli olduğu davranışdır. Qanun aliliyinə hamımız hörmətlə yanaşmalı və ona uyğun davranmalıyıq. Şübhəsiz ki, burda maarifləndimə işinin aparılmasına da ehtiyac var. Vaxtaşırı yol hərəkəti qaydaları ilə bağlı aksiyaların keçirilməlidir. Müxtəlif texnologiyaları tətbiq etməklə insanların şüuruna yeritmət olar ki, yol hərəkəti qaydalarına əməl olunsun. Burada çox böyük işlər görülməlidir. Təbii ki, bu qıs zamanda baş verə bilməz. Ona görə də belə ağılasığmaz rəqəmlərlə qarşılaşırıq”. (bizimyol) /

Google+ WhatsApp ok.ru