Valideynlər istədikləri saytı bağlatdıra biləcək

Osman Gündüz: “Qanuna yeni əlavə olunan müddəalardan məmurlar sui-istifadə edə bilər”

Dünyanın bir sıra ölkələrində uşaqların internetdən təhlükəsiz istifadəsi üçün qanun var. Azərbaycanda da bu qanun qüvvəyə minir.
 
Belə ki, “Telekommunikasiya haqqında” Qanuna dəyişiklik edilib. Bu barədə dövlət başçısının rəsmi saytında məlumat verilib. Saytın məlumatına görə, “Telekommunikasiya haqqında” Qanuna aşağıdakı məzmunda 33.1.3-1, 34.1.2-1 və 40.3.7-1-ci maddələr əlavə edilib:
 
- 33.1.3-1. abunəçinin müraciəti əsasında uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması üçün internet informasiya ehtiyatlarından təhlükəsiz istifadə imkanlarını təmin etmək;
 
34.1.2-1. uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması üçün tədbirlər görülməsini tələb etmək;
 
40.3.7-1. bu Qanunun 33.1.3-1-ci maddəsində göstərilmiş vəzifənin həyata keçirilməsi üçün abunəçinin razılığı (etirazı);".
 
Bundan əlavə, Prezident İlham Əliyev “Telekommunikasiya haqqında” Qanunda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2016-cı il 29 aprel tarixli 212-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.
 
“Telekommunikasiya haqqında” Qanunda bu dəyişikliklərin edilməsinin müsbət və mənfi tərəflərinə gəlincə isə “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz uşaqların internetdə təhlükəsizliyi ilə bağlı bütün dünyada problemlərin olduğunu dedi: “Bizdə də uşaqların internetdə təhlükəsizliyi ilə bağlı problemlər var. Dünyanın bir sıra ölkələrində bu problem həllini tapıb. Əsas problem ondadır ki, qanunvericiliklə qadağan olunan elə informasiyalar var ki, bunu internet qarşısında oturan uşaqlar əldə edir, qarşılarına çıxır və sair. Bu bir problemdir. Qanunla qadağan olunan və uşaqlar üçün zərərli olan informasiyalar var. Bu informasiyaları da internetdə işləyən uşaqlar əldə edə bilirlər. Məsələnin həlli ilə bağlı inkişaf etmiş ölkələrdə müxtəlif cür yanaşmalar var.
 
 
Bəzi ölkələrdə demokratik yanaşılır, elə ölkələr var ki, bunu valideynin üzərinə qoyur, elə ölkələr var ki, buna provayderi məsul edir. Rusiya və bir sıra ölkələrdə iki-üç il əvvəl müvafiq qanuna ciddi dəyişikliklər etdilər. Adını qoydular uşaqların internetdə təhlükəsizliyi, amma qanunvericiliyi dəhşətli dərəcədə sərtləşdirdilər. Bundan hökumətə sərf etməyən digər resursların bağlanması üçün də imkanlar əldə etdilər. Məsələn, Rusiyada hazırda hansısa bir resursda şübhəli nəsə varsa, məhkəmənin qərarı olmadan bağlana bilər. Onlar problemin həllini öz maraqları çərçivəsinə yönəltdilər. Yəni arzu olunmayan saytları bağlamaq üçün də imkanlar əldə etdilər. Mən bizdə qanunda baş verən dəyişikliklərə baxdım.
 
Orada abunəçinin razılığı məsələsi var ki, bu, əhəmiyyətli bir işdir. Abunəçinin razılığı və ya hansısa etirazı ola bilər və bununla bağlı müraciət edilər. Ancaq müraciətin icrası ilə bağlı məsələlərin kimə tapşırılması öz həllini tapmayıb. Yəni bu işlərlə kim məşğul olacaq? Hansısa saytı nəyin əsasında bağlaya və ya blok qoya biləcəklər? Məhkəmə qərarıyla, yoxsa inzibati qaydada?”
 
O.Gündüz bu qanundan başqa məqsədlər üçün istifadə edilməsi ehtimalının da olduğunu dedi: “Qanunun icrasından çox şey asılı olacaq. Bizdə demokratik ənənələr o qədər də güclü inkişaf etmədiyinə görə ehtimal etmək olar ki, bu müddəalardan bəzi məmurlar sui-istifadə edə bilər. Məsələn, iddia edə bilərlər ki, hansısa qəzetin saytında çılpaq insan şəkli verilib, bu da uşaqların əxlaqına təsir edir. Bu saytı bağlamaq lazımdır və sairə. Əgər bu cür olarsa, bu qanun təhlükəli ola bilər. Artıq burada informasiya azadlığı, internet azadlığı üçün müəyyən təhlükələr yarana bilər. Əgər qanunun icrası demokratik qaydada təmin olunsa, bu, uşaqların internetdə təhlükəsizliyinin gözlənməsi üçün faydalı ola bilər”. (deyerler.org)
 

Google+ WhatsApp ok.ru