Vətəndaş cəmiyyəti islamçı məhbuslarla bağlı hansı işlər görüb?

Oqtay Gülalıyev: “Həbsdə olan digər insanların azadlığa çıxması istiqamətində görülən işlər davam etdirilsə, onlar da tezliklə cəzaçəkmə müəssisələrindən sərbəst buraxılacaqlar”
 
Ölkənin bir qrup tanınmış hüquq müdafiəçiləri və vətəndaş cəmiyyətinin üzvləri BMT-nin əsassız həbslər üzrə İşçi Qrupu ilə görüş keçiriblər. Görüş zamanı vətəndaş cəmiyyətinin üzvləri  ölkədə gedən prosesləri olduğu kimi xarakterizə və müzakirə edərək, BMT işçi qrupunun diqqətinə çatdırıblar. Ölkədəki insan hüquq və azadlıqları problemi , həmçinin qanunsuz olaraq həbs edilən siyasi və vicdan məhbusları məsələləri görüşün əsas müzakirə mövzusu olub.
 
Bəs görəsən görüş çərçivəsində islamçı siyasi məhbusların məsələləri müzakirə predmetinə çevrilibmi? Ümumiyyətlə ölkədə fəaliyyət göstərən hüquq müdafiəçiləri beynəlxalq qurumların nümayəndələri ilə siyasi məhbus mövzusunda görüşlər keçirərkən, islamçı məhbusları yada salırlarmı?
 
İslaminSesinin suallarını BMT-nin İşçi Qrupu ilə görüşündə iştirak edən hüquq müdafiəçisi Oqtay Gülalıyev cavablandırıb.  Hüquq müdafiəçisi bildirib ki,  bütün yerli və beynəlxalq təşkilatlarla aparılan  müzakirələrdə, keçirilən görüşlərdə, araşdırma və hesabatlarda siyasi məhbuslar arasında heç bir fərq qoymadan hər biri haqqında məsələ qaldırılır. İstər hüquq müdafiəçisi, istər jurnalist, istər siyasi apponent, istərsə də,  inanclı insan olsun, bu heç bir önəm kəsb etmir. Bizim üçün bu məsələdə heç bir kriteriya və fərq yoxdur: “ İnsan günahsız həbs olunubsa , onun siyasi və dini baxışlarını deyil hüquqlarını müdafiə edirik.  Ona görə də, görüşün motivinə uyğun olaraq siyasi və vicdan məhbusları ilə bağlı məsələləri qaldırırıq”.
 
Oqtay Gülalıyevin sözlərinə görə, günahsız insanların azadlığa buraxılması istiqamətində apardıqları işlərdə heç kəsə fərq qoyulmur: “ O cümlədən islamçı məhbuslar günahsız həbs ediliblərsə, onların müdafiəsi əsas şərtlərdən biridir. Artıq siyasi məhbusların azadlığa buraxılması prosesinə start verilib.  Düşünürəm ki, həbsdə olan digər insanların azadlığa çıxması istiqamətində görülən işlər davam etdirilsə, onlar da tezliklə cəzaçəkmə müəssisələrindən sərbəst buraxılacaqlar”.

Google+ WhatsApp ok.ru