İsrail kəşfiyyatçıları kütləvi şəkildə xidmətdən imtina etdi - Foto

Kəşfiyat korpusunun bir qrup üzvü baş nazirə məktub yazaraq fələstinlilərə qarşı törədilən cinayətləri qəbul etmədiklərini bəyan ediblər

Sionist rejimin hərbi kəşfiyyatına aid bölmələrdən birinin üzvləri baş nazirə və baş qərargah rəisinə birgə müraciət ünvanlayaraq bundan sonra Fələstin ərazilərində İsrail ordusu üçün kəşfiyyat fəaliyyətlərilə məşğul olmayacaqlarını bildiriblər.

İnterAz İsrailin “Yediot Ahronot” qəzetinin internet versiyasına istinadən xəbər verir ki, məktubda İsrail Müdafiə qüvvələrinin 8200 saylı yüksək kəşfiyyat birliyinin 43 nəfər zabit, əsgər və kursantlarından ibarət heyəti Fələstin xalqına qarşı casusuluq fəaliyyətini vicdanlarına sığışdırmadıqlarını bəyan ediblər.

İsrail hava qüvvələri tərəfindən bombardman edilərək öldürülən fələstinlilərə görə vicdan əzabı çəkdiklərini ifadə edən gənclər bundan sonra xidmət etdikləri bölükdə vəzifələrinin icrasını dayandırdıqlarını elan ediblər.

Gənclər məktubda bildiriblər ki, heç kəs qırıcılarımız üçün topladığımız kəşfiyyat materiallarının dinc və günahsız insanların məhv edilməsi üçün vasitəçi olmayacağına zəmanət vermir: “Bizim vicdanımız bundan sonra bu işi görməyi bizə qadağan edir. Bundan sonra bu hərbi sistemə xidmət etməklə milyonlarla insanın haqqını tapdalamağa son qoyuruq. Xidmətimiz dövründə başa düşdük ki, gördüyümüz kəşfiyyat işləri ordumuzun Fələstin ərazilərindəki fəaliyyətinin tərkib hissəsidir. Ordumuzun sərt nəzarəti altında olan Fələstin xalqı davamlı İsrail kəşfiyyatının casusluq fəaliyyətlərinə məruz qalır, dinc sakinlər casuslarımız tərəfindən güdülür. Bütün bunlara görə, biz, 8200 saylı bölüyün hərbçiləri belə nəticəyə gəlmişik ki, bu vəziyyətdən məsuliyyət daşıyırıq və təcili addım atmalıyıq. Burdan İsrail ordusunun kəşfiyyat korpusunun keçmiş və indiki bütün əməkdaşlarına, eləcə də, İsrail xalqına səslənərək bu səhvlərə qarşı etiraz etməyə çağırırıq. İnanırıq ki, İsrail dövlətinin gələcəyi də bundan asılıdır.”

Məktubda həmçinin qeyd olunur ki, onlar öz arxalarıyca heç bir hərəkat yaratmaq niyyətində deyillər və məktubu cəmiyyətə güzgü tutmaq üçün yazıblar: “Yeganə istəyimiz İsrail cəmiyyətinə işıq tutmaqdır. İsrail xalqı bilsin ki, biz orada (Fələstin ərazisində) olduq, vəzifə borcumuzu yerinə yetirdik və bundan sonra bu işi görməyəcəyik. Bir şərtlə bölüyümüzə geri qayıdıb vəzifəmizə davam edəcəyik ki, məqsədimiz yalnız özünü müdafiə olsun, hərbi rejimi dəstəkləmək olmasın.”

Qeyd edək ki, bu fakt İsrail ordusu tarixində ilk dəfə qeydə alınıb. İndiyədək heç bir İsrail hərbi qrupu İsrail silahlı qüvvələrinə xidmətdən imtina etmək barədə kollektiv müraciət ünvanlamayıb. /

 

Google+ WhatsApp ok.ru