İrəvan: Etirazçılar baş nazirin təklifini rədd etdilər - FOTOLAR

Elektrik enerji tariflərinin qaldırılması haqqında qərarın ləğv edilməsi tələbilə İrəvanın mərkəzində etiraz aksiya iştirakçıları baş nazir Hovik Abrahamyanın yoxsul ailələrə təzminat vermək tələbini qəbul etməyiblər.
 
Ermənistan hökumət başçısı cümə axşamı günü növbəti müşavirə əsnasında 105 min təminatsız ailələrin aylıq müavinətini 2000 dram (təxminən 4,2 dollar) artırmaq qərarı qəbul olunduğunu bəyan edib.
 
Ermənistanın baş naziri elektrik enerji tariflərinin qaldırılması zəruriliyini su elektrik stansiyalarının işlinin təmin olunması üçün su azlığı, atom elektrik stansiyasının plan üzrə nəzərdə tutulduğundan çox dayanması və Ermənistan milli valyutası, dramın, son üç ay ərzində təxminən 20 faiz dəyərsizləşməsi ilə izah edib.
 
Avqustun 1-dən, Ermənistan İctimai Xidmətləri Nizamlayan Komissiyanın qərarı ilə, elektrik enerjinin tarifləri təxminən 7 dram (16 faiz) qalxmalıdır.
 
“Talana yox!” təşəbbüs qrupunun fəalları baş nazirin izahatını əsassız adlandırıblar və tələbləri yerinə yetirilməyincə etiraz aksiyaları davam edəcəyini bəyan edir.
 
 
Hətta güclü yağış Baqramyan prospektində fasiləsiz aksiyaya maneə ola bilməmişdi, aksiya iştirakçılarının sayı daha da artmışdı.
 
İrəvan polis rəisinin müavini Valeri Osipov aksiyaların qeyri-legitim və şəhər meriyası tərəfindən rəsmi sanksiya verilmədiyini bildirir.
 
“Lakin aksiyanın dinc xarakter daşıdığına görə, biz heç bir tədbir görmürük. Biz fəallarla danışıqlar aparırıq, onları öz tələblərinə nail olmaq üçün qanun çərçivəsində hərəkət etməyə çağırırıq” - BBC-nin Azərbaycan xidmətinin müxbirinə polkovnik Osipyan deyib.
 
 
Eyni zamanda yerli jurnalistlər polisin “qəti addımlara hazırlıq” gördüyü müşahidə olunduğunu deyirlər.
 
Cümə axşamı günün sonunda Valeri Osipyan aksiya keçirilən ərazidə gecə saatlarında sərxoş halda insanlar göründüyü, içinə torpaq doldurulmuş butulkalar aşkar edildiyi və maskalı şəxslər peyda olduğunu bildirib.
 
“Siz bilirsiniz sərxoş adamların burada olması nəyə gətirə bilər. Butulkalardakı torpaq tozu isə gözlərə səpmək üçün istifadə oluna bilər” - deyə İrəvan polis rəisinin müavini təşəbbüs qrupunu vəziyyətə nəzarəti itirməməyə çağırıb.
 
 
Etiraz aksiyasına koordinasiya edən fəallar daima öz çıxışlarında aksiya iştirakçılarını alkoqol gətirməməyə və maska taxmamağa çağırırlar.
 
“Bizim üzümüzü gizlətməyə ehtiyac yoxdur” - onlar deyir və aksiya iştirakçılarını sayıq olmağa və şübhəli bir hərəkət və ya əşya görəndə, koordinasiya qrupuna və polisə məlumat verməyə çağırırlar.
 
Odur ki, polis rəsmisinin bəyanatı hüquq-mühafizə orqanlarının “aksiyanı güclə dağıtmaq üçün zəmin yaratmaq” kimi anlanılır.
 
 
Bu səhər isə İrəvan bələdiyyə idarəsinin sanitar-epidemioloji xidməti aksiya yerindən zibili aparmaq üçün avtomaşın göndərməyib. Valeri Osipyanın sözlərinə görə, xidmət işçiləri axşam hücuma məruz qalıb və aksiya yerinə gəlməyə qorxurlar. Fəallar bu məlumatın şübhə doğurduğunu desə də sanepidemioloji xidmət əməkdaşlarının “təhlükəsizliyini təmin etməyə” qarantiya vəd edir. Lakin zibil maşınları göndərilmir və fəallara topladıqları zibili ərazidən aralı məhəlləyə daşımağı tövsiyə edirlər.
 
İyunun 19-dan başlanan aksiya iştirakçıları tərəfindən iyunun 23-də Baqramyan prospekti bağlandıqdan sonra Ermənistan prezidentinin onların nümayəndələri ilə görüşməyə hazır olduğu bildirilib.
 
 
Lakin “Talana yox!” fəallarının öz nümayəndələrini prezident Sərkisyanla görüşə göndərməkdən imtina etdiyi bildirilmişdi.
 
Cümə axşamı izdiham qarşısında çıxış edən fəallar Serj Sərkisyanla görüşdən imtina etmədiklərini bəyan ediblər.
 
Fəallardan Maksim Sərkisyan deyir ki, onların görüşdən qabaq təklif etdiyi şərtlər yerinə yetirilməyib. Onlar prezidentlə görüşün canlı efirdə yayımlanacağı, aksiya iştirakçılarının prezident administrasiyası binasının yanına buraxılmasını istəyiblər.
 
 
“Bundan sonra onlar görüşdən imtina ediblər“ - deyir Maksim.
 
“Talana yox” aksiya iştirakçıları avqustun birindən qüvvəyə minəcəyi gözlənilən elektrik enerji tariflərinin qaldırılması haqqında qanunun dondurulmasını, tariflər məsələsi ilə bağlı fəallarla danışıqlara başlamağı və 23 iyun səhəri aksiya iştirakçıları və jurnalistlərə qarşı zorakılıq edən mülki geyimli polis əməkdaşlarının məsuliyyətə cəlb olunmasını tələb edirlər.
 
Aksiya fəalları etirazın siyasi xarakter daşımadığını, onların “heç bir siyasi qüvvəyə aidiyyəti” olmadığını və elektrik enerji tariflərinin qaldırılması “qərarı ləğv edilən kimi” aksiyalara son qoyulacağını bəyan edir.
 

musavat /

Google+ WhatsApp ok.ru