Məhəmməd Əli: `Ərəfat səhrasında dayandığım an keçirdiyim hisslər həyatımda yaşadığım ən saf hisslər idi`

Xəbər verdiyimiz kimi, məşhur amerikalı boksçu Məhəmməd Əli iyunun 3-də 74 yaşında dünyasını dəyişib. Məşhur boksçu parkinson xəstəliyindən əziyyət çəkirdi. O, dünyanın ən tanınmış müsəlman boksçusu kimi tarixə düşə bilib.
 
Məhəmməd Əli İslam dini 1965 –ci ildə qəbul  edib. 
 
“Mən  həyatımda  çoxlu  gözəl anları təcrübə etmişəm,lakin həcc ziyarəti zamanı  Ərəfat  səhrasında dayandığım an keçirdiyim hisslər həyatımda yaşadığım ən saf  hisslər idi.  Həmin an keçirdiyim hisslərim təsviredilməz hisslər idi. Bir milyon yarım zəvvar o səhrada göz yaşı  tökərək Allahın onlara verdiyi nemətlərə şükr etmək və bağışlanmaq üçün toplaşmışdı. Bu mənim üçün həyəcan verici və maraqlı bir təcrübə idi.  Görürdüm ki, rəngindən, irqindən, millətindən asılı olmayaraq padşah, başçı və ən kasıb ölkədən olan adi insan, hər kəs iki tikə ağ parçaya bürünüb,  təkəbbür və ya təhqir hissi keçirmədən Allaha ibadət etməklə məşğuldur.  Bu İslamda bərabərlik anlayışının praktiki təzahürü  idi",-deyə Məhəmməd Əli öz xatirələrində qeyd edib. 
 
 
Məhəmməd Əli ağır çəkidə çıxış edən əfsanəvi peşəkar amerikalı boksçudur. 1960-cı ildə Romada keçirilən XVII Yay Olimpiya Oyunlarında orta ağır çəkidə (-81 kq) boks yarışlarının qalibi olub. 1964-1966, 1974-1978-ci illərdə ağır çəkidə mütləq dünya çempionu, 1974-1978-ci illərdə WBC, 1967, 1974—1978, 1978-ci illərdə WBA versiyası üzrə dünya çempionu kimi ad qazanıb. Əsl adı Kassius Marsellus Kleydir.
 
“Bütün zamanların ən böyük boksçusu" kimi ad qazanan Məhəmməd Əli bundan əlavə “İnsan Hüquqları Mühafizəçisi” və ABŞ-da ilk İslam təşkilatının liderlərindən olub.
 
Əsl adı Kassius Marsellus Kley olan əfsanəvi boksçu Məhəmməd Əli 1942-ci il yanvar ayının 17-də ABŞ-ın Kentukki əyalətində anadan olub. Kleyin atası reklam sahəsində çalışıb, anası isə evdar qadın olub. Metodist kilsəsinin üzvü olan olan atası həyat yoldaşına oğullarını anasının istəyinə görə yetişdirməyə - Baptist kilsəsinə aparmağa icazə verirdi.
 
1961-ci ildə Kasius dövrün məşhur "nokautçu" boksçusu Lamar Klarkla üz-üzə gəlib. O, Klarkı ikinci raundda nokauta göndərib.
 
1962-ci ildə Sonni Benkslə görüşdə Kley həyatında ilk dəfə nokdauna düşür. Dördüncü raundda isə Kley rəqibini nokauta göndərib.
 
1960-63-cü illərdə gənc boksçu keçirdiyi bütün 19 görüşü tam qələbə ilə başa vurub ki, bunlardan 15-i nokautla başa çatıb.
 
 
1965-cü ildə Sonni Listonu məğlub etdikdən sonra Kley İslamı qəbul edib. Artıq Kasius Kley yoxdur, əvəzinə Məhəmməd Əli vardır. O, həmçinin, Aliya Məhəmmədin rəhbərlik etdiyi təşkilata üzv olub.
 
Həmin dövrdə bu təşkilat qara dərili müsəlmanların təşkilatı hesab olunurdu. Təşkilatın rəhbəri Aliya Məhəmməd təşkilata yeni üzv seçilən boksçuya Malkolm X-in razılığından sonra Kasius X adını verib. 1964-cü il mart ayının 6-da Malkolm X onu özü ilə birlikdə Birləşmiş Millətlər Təşkilatına dörd günlük səfərə aparıb. Həmin gecə Aliya Məhəmməd Kasiusun adının dəyişdiyini və bundan sonra onun Məhəmməd olduğunu radiodan bəyan edib.
İlk dövrlərdə Kasiusu Məhəmməd kimi yalnız bir neçə jurnalist qəbul edirdi. Belə ki, bu ad onun sözügedən təşkilatdan olduğuna işarə idi. Gənc boksçunun bu təşkilata üzv olması bir sıra dairələri də bərk narahat edirdi. Onlar təşkilatın digər üzvləri kimi Əlini də separatçı hesab edir və ondan şübhələnirdilər. 
Məhəmməd Əli  Amerikada  tanınmış simalardan idi və onun müsəlman olması  bir çox KİV-lərin diqqətini özünə çəkdi.  O, müsəlman olduqdan sonra  onun şəxsiyyəti  və hərəkətlərində  dəyişlik  baş verdi. Məhəmməd Əli  həyatında İslam dininin  mənəvi güc kimi böyük rol oynadığını vurğulayıb və  uğurları və qələbələri ilə bağlı daha az danışıb. Məğrurluq və özünü bəyənməklikdən əl çəkdi.  Kley  həmişə deyirdi ki,  adının  “Məhəmməd Əliyə” dəyişməsi həyatında baş verən ən önəmli hadisələrdən biridir. (Maide.Az)
 
 

Google+ WhatsApp ok.ru