«Müəllimin işə qəbul olunması üçün 70 maddə qoyulub»

Nadir İsrafilov: «500-600 manat verilsə belə bununla məktəblərə müəllim cəlb edə bilmərik»

2014-2015-ci tədris ilindən müəllimlik ixtisasına qəbul olunmuş tələbələr üçün xüsusi stimullaşdırma tədbirləri haqqında oxucularımıza ətraflı məlumat təqdim etmişdik.
 
Qeyd edək ki, bu tədbirlər çərçivəsində müəllimlik ixtisasını öz arzusu ilə seçən və yüksək balla qəbul olunan gənclərə xüsusi imtiyazlar kimi ilk dəfə olaraq ali məktəblərə qəbul imtahanlarında 500-dən çox bal toplayan, birinci sırada müəllimlik ixtisaslarını göstərərək qəbul olunan 300 nəfər tələbə üçün hər ay 100 manat həcmində əlavə "Gələcəyin müəllimi təqaüdü" təsis edilib.
 
Bundan başqa, "Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 aprel tarixli, 67 nömrəli qərarında dəyişikliklər edilib.
 
Məlumat üçün onu da qeyd edək ki, hazırda yeni işə başlayan müəllimin bir stavka (12 saat) dərs yükü üçün aylıq əmək haqqı 155 manat təşkil edir. Kompensasiya və stimullaşdırıcı tədbirlər də əlavə edilərsə, əmək haqqı 315 manat olacaq. Stavka artdıqca əmək haqqı da müvafiq olaraq artacaq.
 
Kənd rayonlarında əmək fəaliyyətinə başlamaq üçün konkret iş yerlərinə göndəriş almış gənc mütəxəssislərə, həmçinin yol xərci, əmlakın daşınması üçün nəqliyyat xərci və ilkin yaşayış şəraitinin yaradılması məqsədi ilə əməkhaqqının iki misli həcmində birdəfəlik yardım da ödəniləcəkdir.
 
Bu yeniliklər ölkədə getdikcə geriləyən təhsil səviyyəsinə müsbət təsir göstərəcəkmi? Təhsil eksperti Nadir İsrafilov "Bizim Yol"a deyib ki, təkliflər belə bir ciddi problemə səthi yanaşmadır. Ekspert bu kimi güzəştlərin tətbiqini, maaş artırılmalarının heç bir işə yaramayacağını qeyd etdi. 
 
"Söhbət yalnız tək əyalət məktəblərindən getmir, şəhərdə də təhsilin səviyyəsi ürəkaçan deyil. Hal-hazırda ali məktəb müəlliminin işə düzəlməsi böyük bir problemə çevrilib". N.İsrafilov problemin son zamanlar Təhsil Nazirliyi tərəfindən müəllimlərin işə qəbul olunması ilə bağlı müəyyən qaydalar tətbiq etməsi ilə əlaqəli olduğunu bildirdi. 
"Təhsil Nazirliyinin 21 aprel 2014-cü il tarixli 445 saylı əmri var "Azərbaycan Respublikası Pedaqoji kadrlarının yerdəyişməsi və qaydaları". Bu qaydaları qəlizləşdirən orada yer alan  çoxpilləli müsahibələr və müsabiqələrdir ki, onların mürəkkəb və ziddiyyətli olduğu bir daha ortaya çıxır" - deyə müsahibimiz qeyd etdi. 
 
Ekspert dedi ki, statistikaya görə ali məktəblərimiz tələbatdan iki dəfə artıq müəllim yetişdirir: "Amma "müəllim çatışmır, məktəblər boş qalır" deyirik. İldə 3000-4000 müəllim vakant yeri olur. Təhsil naziri də sonra böyük iftixarla bildirir ki, 1692 nəfər müəllim işə götürülüb, əslində bu çox pis göstəricidir”. 
 
N.İsrafilov tətbiq edilən qaydaların çox mürəkkəb olduğunu qeyd edərək, test imtahanlarının yalnız 80%-nə cavab verənlərin müəllimliyə qəbul edildiyini dedi. "İndi guya əyalətlər üçün həvəsləndirici tədbir kimi 60% suala cavab verənlər keçir. Bunlar bir kənara, müəllimin işə qəbul olunması üçün 70 maddə qoyulub. Digər tərəfdən müəllimlərin bir kənddən digər kəndə yer dəyişməsi üçün də başqa şərtlər var. O qədər radikal qaydalar var ki, bu həvəsləndirici tədbirlərin bir işə yarayacağını heç düşünmürəm". 
 
Ekspert qeyd edilən bu baryerlərə görə məzun olan müəllimlərin ali təhsil aldıqdan sonra işə düzələ bilmədiklərini bildirdi. 
 
N.İsrafilovun sözlərinə görə müəllimlərə 315 manat deyil, 500-600 manat verilsə belə, bununla məktəblərə müəllim cəlb edə bilmərik. "Hər şeydən öncə öz normativ aktlarımızı yada salmalıyıq: təhsilin vəzifəsi, əsas məqsədi sistemləşdirilmiş bilik-bacarıq və vərdişlərin mənimsənilməsi və ixtisasın artırılmasını təmin etməkdir, təhsil alanları ictimai həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaqdır" - deyən ekspert təhsil qanununda vacib olan məqamlara da toxundu: "Təhsil qanununun 32-ci maddəsində qeyd edilir ki, təhsil alanların hüquq və vəzifələrinə dövlət təhsil standartları uyğun keyfiyyətli təhsil almaq, maddə 33-də isə təhsil verənlərin hüquq və vəzifələrinə təhsil proqramlarının mənimsənilməsini təmin etmək daxildir". 
 
"42-ci maddəyə əsasən isə keyfiyyətli təhsilə vurulan zərərin ödənilməsi daxildir. Yəni təhsil müəssisələrində təhsil dövlət standartlarına uyğun təşkil edilməməsi nəticəsində, təhsil alanların keyfiyyətsiz hazırlığı müəyyən edildiyi təqdirdə, vurulmuş zərər ödənilməlidir" - deyə bu kimi məsələləri Təhsil Nazirliyinin müvafiq şöbələri məsuliyyət daşıdığını bildirdi. "Təhsil Nazirliyində akkreditasiya şöbəsi var. Nazirlik belə hesab edir ki, ali məktəblərdən zəif tələbələr gəlir. Burada isə günah ancaq tələbələrin üzərinə atılır, lakin təhsil verənləri yoxlayan olmur" - deyə sözünə əlavə etdi. 
 
Ekspert belə olan halda əsas diqqəti keyfiyyətli təhsilin bazadan gəlməsinə yönəltmək lazım olduğunu vurğuladı: "Necə olur ki, tələbəni biz ali təhsil müəssisələrində 2-3 qiyməti ilə oxuduruq, lakin işə götürəndə isə ondan 4-5 qiymətini tələb edirik. İlk növbədə müəllim buraxan ali məktəblərə nəzarət gücləndirilməlidir. Təhsil Nazirliyində təhsilin keyfiyyətinə nəzarətlə bağlı monitorinq, akkreditasiya şöbələri var. Lakin onların fəaliyyətinə baxsaq indiyədək hər hansı bir məktəbi bağladıqlarını və yaxud ali məktəbi məhkəməyə verdiyini görməmişik. Şöbə yaranarkən yalnız bir-iki bağça bağlandı, bir-iki ay keçdikdən sonra isə onlar yenidən fəaliyyətlərini davam etməyə başladılar". 
 
Ekspert bu kimi məsələləri təhsil müəssisələrində ilkin mərhələdə qarşısını almağın lazım olduğunu qeyd etdi. "Bu kimi güzəştlərlə ölkədə təhsilin səviyyəsi qalxmayacaq" - deyə sözünə əlavə etdi. 

Google+ WhatsApp ok.ru