Donald Trump-a qarşı impiçment araşdırması

Donald Trump-a qarşı impiçment araşdırması

ABŞ Demokratları siyasi rəqibinin nüfuzunu zədələmək üçün xarici qüvvədən kömək istəməsi ittihamı ilə prezident Donald Trump barəsində impiçment araşdırmasına başlayıb.
 
ABŞ Nümayəndələr Palatasında demokratların lideri Nancy Pelosi deyib ki, prezident "öz hərəkəti ilə bağlı hesab verməlidir".
 
Donald Trump ittihamı rədd edir, bunu "cadugər ovu" adlandırır.
 
İmpiçmenti demokratların çoxluqda olduğu Nümayəndələr Palatası dəstəkləsə də, bu, respublikaçıların nəzarətində olan Senatda dəstəklənməyə də bilər.
 
İmpiçment müzakirələrinə səbəb Donald Trump-ın Ukrayna prezidenti Volodymyr Zelensky ilə telefon danışığından kəşfiyyatın şikayət verməsiylə bağlı xəbərlərin yayılması olub.
 
Dəqiq nə deyildiyi bəlli olmasa da, demokratlar Trump-ı onda ittiham edirlər ki, o, ukraynalı həmkarını keçmiş vitse-prezident Joe Biden və onun oğlu Hunter-ə qarşı korrupsiya ittihamı üzrə araşdırma aparmadığı təqdirdə ABŞ-ın Ukraynaya hərbi yardımını kəsəcəyi ilə hədələyib.
 
Donald Trump prezident Zelensky ilə telefon söhbətində Joe Biden-lə bağlı müzakirə apardığını etiraf edib, amma deyib ki, hərbi yardımın dayandırılması hədəsi ilə o, yalnız Avropanın köməyinin artırılmasına çalışıb.
 
Trump və Zelensky arasında telefon söhbəti iyulun 25-də olub. Bundan sonra adı açıqlanmayan daxili kəşfiyyat müfəttişi bu söhbətlə bağlı şikayət verib.
 
Avqust ayında müfəttiş bu şikayətlə bağlı Konkresə məlumat verib, amma qanuna müvafiq olaraq onun məzmununu açıqlamaqdan imtina edib.
 
Məlum olub ki, Trump-ın Zelensky ilə telefon söhbətindən bir həftə əvvəl o, Ukraynaya təxminən 400 milyon dollarlıq hərbi yardımın dayandırılması ilə bağlı şəxsən göstəriş verib.
 
Trump yardımı dayandırmasını etiraf edib, amma bildirib ki, bu qərarına səbəb Avropanın Ukraynaya yardımını yetərli saymaması olub.
 
Zelensky ilə telefon sohbətində Trump xahiş edib ki, korrupsiyanın araşdırılmasına daha böyük diqqət ayırsın və xüsusilə göstərib ki, Biden-in fəaliyyətini araşdırsınlar.
 
Trump ikinci gün verdiyi açıqlamada əmin edib ki, söhbətdə yanlışlığa yol verilməyib. O, söz verib ki, Ukrayna prezidenti ilə söhbətinin stenoqramını çərşənbə günü açıqlayacaq.
 
Ukraynanın Xarici İşlər Nazirliyi bildirib ki, söhbət zamanı hər hansı təzyiq olmayıb.
 
Ukrayna prezidenti Zelensky deyib ki, onun Trump-la söhbəti şəxsi və konfidensialdır.
 
Keçmiş vitse-prezident Joe Biden 2020-ci ildə keçiriləcək prezident seçkisində iştirak edəcəyini bildirib. /bbc
 

Google+ WhatsApp ok.ru