Banklardan rüsvayçı depozit faizləri

Məhəmməd Talıblı: `Banklar öhdəliklərini icra etmək məcburiyyətində qaldıqları üçün resurs, ciddi kapital problemi yaranıb`

Böhran dövründə müşahidə olunan daha bir maraqlı məqam kommersiya banklarının qəbul etdikləri depozitlərə tətbiq etdiyi faiz dərəcələridir. Xüsusilə dollarla depozitlər üçün bankların müştərilərə təqdim etdikləri faizlər heç bir gəlir əldə etməyə imkan vermir. Kredit götürənlərə yüksək faizlərlə kredit verən banklar bunun müqabilində cüzi depozit faizləri təqdim edir.
 
Dollarla depozit qoymaq istəyən müştərinin “AG Bank”da dollar üçün depozit faizi illik faiz 1 faiz təşkil edir. Yəni bir ilə əmanətin üstünə cəmi 1 faiz gələcək. Halbuki, keçən ilin dekabrına kimi bu məbləğ minimum 8 faiz verilirdi. AG Bank-dan deyiblər ki, yanvarın 13-dən şərtlər dəyişdirilib.
 
“Kapital Bank” müştəridən dollarla depozitləri illik 0,25 faizlə qəbul edir. Bu, faizini hər ay götürmək istəyənlərə aiddir. Amma əgər müştəri səbir edib faizi müddət sonunda götürmək istəsə – fərqi yoxdur, bir ilə və ya 3 ilə – o zaman depoziti 0,5 faizlə qəbul ediləcək.
 
“Ziraat Bank Azərbaycan” da depozitləri illik 1 faizlə qəbul edir. “Müqavilənin şərti pozularsa, 0,1 faizlə hesablayıb əmanəti geri qaytaracağıq”.
 
“Access Bank”dan isə deyirlər ki, dollarla depozit üçün müştəriyə 3 faiz təklif edirlər, ancaq o, müddətsonunu gözləmək istəməyib aybaay faizini götürmək istəsə, bu zaman faiz bir qədər – 0,5 % azalır.
 
“Bank Respublika” isə depoziti 4 faizlə qəbul edir, ancaq o da “Access Bank” kimi şərt qoyur. Faizi müddətsonunda yox, hər ay almaq istənilsə, 3,5 faiz götürüləcək. Depozit manatla qoyularsa, 10 faiz təklif edilə bilər, müddətsonu gözlənilərsə, 10,5 faiz olacaq.
 
“Unibank”da müddətə görə faizlər dəyişir. Dollarla depoziti minimal 3 aylıq qəbul edilə bilər. Illik faizləri müddətsonunda götürmək şərtiylə bank depoziti 5,9 faizlə götürür. Faizləri hər ay almaq istənilsə, 5,5 faizlə qəbul ediləcək.
 
“Turanbank”ın dollarla rüblük depozit üçün 5 faiz, 6 aya 6 faiz, 12 aya 9 faiz, 24 aya 10,5 faiz, 36 aya 11 faiz təqdim edir.
 
“Bank Standard” müddətindən asılı olmadan dollarla depoziti 12 faizlə qəbul etdiyini bildirir.
 
Ekspertlərə görə, son zamanlar vətəndaşlar manatla yox, dollarla kredit qoymağa üstünlük verirlər. Bu da təsadüfi deyil. Çünki manata etibar ciddi şəkildə sarsılıb. Buna görə banklar da güclü dollar depoziti qarşısında məcbur qalıb dollarla faizi aşağı salıblar.
 
Iqtisadçı Məhəmməd Talıblı bildirdi ki, bankların depozitlərin bu şəkildə qəbul etməsi onların indiki böhrandan çıxmasına hesablanıb: “Banklar kapitalını artırmaq hesabına daha çox kredit resursu toplamaq istəyirlər. Banklar artıq kredit verməyə ciddi məhdudiyyətlər tətbiq ediblər. Əksər banklarda nə manatla, nə də dollarla kredit vermirlər. Bu situasiyada bankların belə davranışını 2 amillə əlaqələndirirəm: ”Birincisi, bankların resurs, ciddi kapital problemi yaranıb. Öhdəliklərini icra etmək məcburiyyətində qaldıqları üçün daxildə maliyyə sıxıntıları yaranıb. Ikincisi, valyuta bazarında yaranmış vəziyyət və sürətli məzənnə riskləri bankları bir müddət ehtiyatlı davranmağa məcbur edir”.
 
M.Talıblının sözlərinə görə, banklar 10-12%-lə depozit qəbul edir, 26-35%-lə kredit verirlər. Amma bu aradakı fərqin hamısı bankların gəliri hesab olunmur. Onların inzibati və institsional xərcləri və digər çıxarları da var.

Google+ WhatsApp ok.ru