“Ermənistan Azərbaycandan qorxur, çünki...”

Vyaçeslav İqrunov: “Putin bütün Cənubi Qafqaza sahib olmağı arzulasa da, Azərbaycana təsir imkanları arzuladığı səviyyədə deyil”

“Rusiya gün keçdikcə müttəfiqlərini itirir və bu faktor onu psixoloji izolyasiya vəziyyətinə salır”
 
Putin 1-ci Pyotrun Avropaya pəncərə açmaq siyasətini daha qlobal mənada, daha irimiqyaslı şəkildə həyata keçirməyə çalışır. Hər halda, bir çox rus ekspertləri belə qənaətə gəliblər. Slavyan əsilli ekspertlər Putinin bu addımını anlayışla qarşılasalar da, Avropaya "pəncərənin" zorla məhz Ukrayna ərazisindən açılmasına təəssüflənirlər. Kreml rəhbərinin Avropaya başqa yolu yoxdur və bu yolda o, Ukraynanı da parçalayaraq, Rusiyanın bir əyalətinə çevirməyə hazırdır. 
Amma ukraynalı ekspertlər hesab edirlər ki, Yanukoviç Ukraynasının Avropa Birliyinə qarşı xırda addım atmasından sonra baş verənlər onu deməyə əsas verir ki, Putin bütün dünyaya müharibə elan edir. Ukrayna isə Avropa ilə Rusiya arasında hərb meydanı olaraq seçilib. İndi Qərbdə "soyuq müharibə", "dəmir pərdə" anlayışlarını zarafat hədəfinə çevirmir, əksinə bunun həqiqət ola biləcəyindən ehtiyatlanırlar.  
 
Maraqlıdır ki, Rusiya barədə qərbmeylli optimistlərin proqnozları da tam inkar olunan deyil. Onlar Qərbi, Avropanı inandırmağa çalışırlar ki, Ukraynanın qərbləşməsi Rusiya üçün də xeyirlidir. Yaxın qonşunun insan haqları və demokratiyanın bərqərar olduğu bir cəmiyyətə inteqrasiya etməsi Rusiyanın özünün də Avropa ailəsinə mümkün qədər az ağrılı yaxınlaşmasına kömək edəcək. Beləliklə, Ukrayna Rusiya ilə Avropa, hətta ABŞ arasında körpü rolunu oynaya bilər. Analitiklərin fikrincə, Putin təkcə Rusiyanı keçmiş SSRİ sərhədlərində bərpa etmək istəmir, o hətta, keçmiş sosialist düşərgəsinə daxil olan Şərqi Avropa ölkələrində də nüfuzunu bərpa etməyə, oradan isə uzaq perspektivdə Portuqaliyaya qədər nüfuz sahibi olmaq istəyir. 
 
Beləliklə, "Bizim Yol" əməkdaşı Putinin planları, Rusiyanın yeni genişlənmə ssenarisi, ayrıca yaşanan geosiyasi hadisələr fonunda Azərbaycanın mövqeyi və Dağlıq Qarabağ ətrafında, Rusiya Dövlət dumasının keçmiş deputatı, Humanitar-siyasi araşdırmalar institutunun direktoru, Ukrayna-Rusiya əməkdaşlığı ictimai şurasının rəhbəri Vyaçeslav İqrunovla həmsöhbət olub.
 
- Cənab İqrunov, Putini Rusiyada "çar" adlandırırlar. Hətta Jirinovski ona "Ali rəhbər" titulunu götürməyi də təklif etdi. O, çar ola bilərmi və bu imperiya xatırlatmalarının, eyhamlarının məqsədi nədir?  
 
- Xeyr. Putindən çar olmaz. Amma o, tiran rolunu daha yaxşı oynaya bilər ki, mən də bunu istisna etmirəm. 21-ci əsr iqtisadi və siyasi maraqların uzlaşması əsridir. Rusiya isə gün keçdikcə müttəfiqlərini itirir ki, bu da onu psixoloji izolyasiya vəziyyətinə salır, elitanın addımlarına sirayət edir. 
 
Unutmaq olmaz ki, Rusiya hələ də Ukraynanın da iştirakı ilə böyük iqtisadi birlik yaratmaq arzularını bir kənara qoymayıb. Ukrayna həmişə Rusiyanın iri müttəfiqi olub. Odur ki, indi Rusiya hakimiyyəti Ukraynanı heç olmasa bir müddətlik də olsa, öz orbitində saxlamağa çalışır. Bu günlük vəziyyət belədir. Gələcəkdə isə ruslar situasiyaya uyğun siyasət yeridəcəklər. Avropanın da iqtisadi cəhətdən zəifləməsi Rusiyanın siyasətinə təsir edəcək. 
 
- Siz Rusiya siyasəti deyəndə məhz Putinin siyasətini nəzərdə tutursunuz? 
 
- İndi bir çox məsələlərdə Rusiya Prezidenti ilə Rusiya Federasiyası eyni anlama gəlir. Putinin siyasətini bəyənmək və ya tənqid etmək olar, amma onun Rusiyanın güclənməsi və strateji maraqları  üçün çalışdığını inkar etmək mümkün deyil. 
 
- Qarabağ məsələsi Rusiyanın strateji hədəflərinə daxildirmi? 
 
- Rusiya üçün Cənubi Qafqaz heç kimə vermək istəmədiyi bir prizdir. O ki qaldı Qarabağ məsələsinə, Rusiya siyasiləri tərəfindən zaman-zaman səsləndirilən fikirlərə baxmayaraq, mən yaxın perspektivdə bu münaqişənin diplomatik həll yolunu görmürəm. Hələlik hansısa tərəfin böyük kompromisə gedəcəyi mümkün görünmür. Burada cəmiyyətlərin psixoloji cəhətdən hazır olmaması da öz sözünü deyir. Ərazisində ikinci erməni dövlətinin yaradılması  Azərbaycan üçün haqlı olaraq qəbuledilən deyil. Ermənistan isə Dağlıq Qarabağın hansısa statusla Azərbaycanın tərkibinə qaytarılmasını istəmir. 
Odur ki, münaqişənin sülh yolu ilə həlli yolunda Medvedyevin, Putinin, yaxud kim olursa olsun, etdiyi cəhdlər fayda verməyəcək. Danışıqlarda vasitəçilik edən tərəflərin indi əsas məqsədi sülhün qorunmasıdır. İnsan həyatı ərazinin statusundan, hətta mülkiyyət hüququndan da qiymətlidir. 
 
- Bəs bu halda hansı addımlar atmaq olar? 
 
- Konflikt nə qədər dondurulmuş olsa da, situasiya hər il az da olsa, dəyişikliyə məruz qalır. Cənubi Qafqaz dünya oyunçularının maraqlarının toqquşduğu bir məkandır. Hər bir xırda dəyişikliyi münaqişənin həlli üçün yönəltmək və bundan yetərincə yararlanmaq lazımdır. Belə addımlar mikroskopik olsa da, münaqişənin birdəfəlik həllinə aparmasa da, yeni yolların tapılması üçün imkanlar yaradır. Vasitəçilərin də əsas missiyası elə bu olmalıdır. 
 
- Amma Qarabağ məsələsində vasitəçilərin addımları situasiyanı daha da qəlizləşdirir. Hətta Putin belə tərəfləri razı salacaq variant təklif edə bilmir...
 
- Bu yol mövcuddurmu? Unutmayın ki, zaman status-kvonun möhkəmlənməsinə xidmət edir ki, bu da bu gün yalnız bir münaqişə tərəfinə sərf edir. Zaman qəbuledilməz şeyləri qəbul etdirir. Bu gün fələstinlilər İsrailin 1967-ci il sərhədlərini qəbul edirlər, halbuki bir neçə il əvvəl, onlar heç 1948-ci il sərhədləri barədə belə eşitmək istəmirdilər. 
Aydındır ki, Azərbaycan indi müharibəyə daha çox hazırdır. İqtisadi vəziyyət, hərbi üstünlük bunun üçün əsaslar yaradır. Bu amillərdə Ermənistan çox dala qalır. Amma əgər Azərbaycan Dağlıq Qarabağın ətrafındakı rayonları, hətta Dağlıq Qarabağın özünü belə müharibə yolu ilə geri qaytarsa, bu müharibə məcrasından çıxa və sonu olmayan yola girə bilər. Erməni diasporu və dövləti ordan-burdan topladığı yardımlarla uzun illər Azərbaycan üçün az da olsa əlavə başağrıları yarada bilər. Yəni rəsmi Yerevanın ara-sıra verdiyi bəyanatlara baxmayın, təbii ki, onlar Azərbaycanla təkbətək və açıq döyüşə girməyə risk etməzlər. Amma ermənilər qarşı-qarşıya döyüşməyə güclərinin yetmədiyini görüb, başqa üsullara gedə bilərlər. Bu da regionda hələ uzun müddət stabilliyə nail olunmasına əngəl ola bilər. Ancaq torpaqlarını istənilən yolla geri qaytarmaq da  Azərbaycanın hüququdur.
 
- Əgər Rusiya erməniləri belə dəstəkləməkdə davam etsə, müharibə doğrudan da qaçılmaz olacaq. Bakının bu dəstək qarşısında yeganə yolu qalır - müharibə...
 
- Siyasətçilər bilirlər ki, hərbi münaqişə planlaşdırılmadan da, yəni tragik təsadüf nəticəsində alovlana bilər. Bununla yanaşı, mən hesab edirəm ki, münaqişənin həllinə hərbi yolla yox, barışıq, qarşılıqlı birləşdirici nöqtələrin tapılması ilə də nail olmaq olar. Bu yol bütün Qafqazda sülh və sabitliyə gətirib çıxara bilər. Kompromis - yeganə çıxış yoludur. 
 
- Uzun illər Dumanın deputatı olmusunuz. Rusiyanın MDB ölkələrinə yönəlik siyasəti barədə Dumada nə düşünürlər? 
 
- Dumada anlayırlar ki, get-gedə  Rusiyanın keçmiş SSRİ ölkələri arasında nüfuzu, Ermənistan və bəzi Orta Asiya ölkələri istisna olmaqla düşür. Gələcəkdə Rusiyanın Orta Asiya regionundan ABŞ tərəfindən sıxışdırılması aktivləşəcək. ABŞ özünün əsas rəqibi hesab etdiyi Çinin yanında sanitar kordonu yaratmaq istəyir. Bu mübarizədə Rusiya Çinin müttəfiqinə çevrilə bilər ki, bu da ABŞ və Avropa İttifaqında bərk narahatlıq yaradır. 
Rusiyanın keçmiş SSRİ ölkələrinə qarşı siyasəti uğursuzdur, çünki MDB bu dövlətlərlə müttəfiqlik üçün birlik meydanına çevrilə bilmədi. Moskva MDB dövlətləri üçün cəlbedici bir birliyin reseptini tapa bilmədi. Və MDB dövlətləri Rusiyadan yavaş-yavaş aralanacaqlar. Bu, Kremli narahat edir.
 
- Məsələn, Kreml Azərbaycanı itirəcəyindən narahatdır? 
 
 - Rusiya bütün Cənubi Qafqaz regionuna sahib çıxmağı arzulasa da, bu gün onun Azərbaycana təsir imkanları arzuladığı səviyyədə deyil. Odur ki, Ermənistan -Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair Rusiyanın öz mövqeyini dəyişəcəyindən Azərbaycanın ehtiyat etməsi anlaşılandır. Hələ ki, Rusiya tərəflərdən heç biri ilə münasibətləri tam kəsmək istəmir və Qarabağ problemindən sanki məsafə saxlayır. Amma bu gün Qafqazda istənilən müharibənin qarşısını məhz Rusiya faktoru alır. Hələ ki, belədir. Gələcəkdə isə situasiya dəyişə bilər. 

Google+ WhatsApp ok.ru