Yol polisi sürücülərə 21 günə 203 min cərimə yazıb - RƏSMİ RƏQƏMLƏR

Yol polisi sürücülərə 21 günə 203 min cərimə yazıb - RƏSMİ RƏQƏMLƏR

Avqust ayının 1-dən 21-dək Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin məsul vəzifəli əməkdaşları tərəfindən respublikanın şəhər, rayon polis orqanlarının dövlət yol polisi qurumlarının əməkdaşları ilə birlikdə avtomobil yollarında yol hərəkəti qaydalarının tələblərini pozan sürücülərə qarşı geniş miqyaslı reydlər təşkil olunub.
  
Maide.Az xəbər verir ki, BDYP-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə,  bu müddətdə keçirilən reydlər zamanı 203 minə yaxın yol hərəkəti qayda pozuntusu, o cümlədən nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə edilməsi üzrə 1000-ə yaxın, nəqliyyat vasitələrinin yüksək sürətlə idarə edilməsi üzrə 110 mindən çox, nəqliyyat vasitələrinin idarə etmə hüququ olmadan idarə edilməsi üzrə 700-dən çox, ötmə, manevretmə və qarşıdan gələn nəqliyyat vasitələrinin hərəkət zolağına çıxma qaydalarının pozulması üzrə 10 mindən çox, yol ayrıcını keçmə qaydalarının pozulması üzrə 10 minə yaxın, svetoforun qadağanedici işarəsinə əməl edilməməsi üzrə 4 mindən çox, qanunla müəyyən edilmiş qaydada və müddətdə nəqliyyat vasitələrini texniki baxışdan keçirmədən idarə edilməsi üzrə 9 mindən çox və s. qayda pozuntusu aşkarlanıb.
 
Təkcə avqust ayının 20-dən 21-dək (həftənin şənbə və bazar günləri) keçirilən reydlər zamanı 22 mindən çox qayda pozuntusu, o cümlədən yol-nəqliyyat hadisələrinin baş verməsinə bilavasitə təsir göstərən nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə edilməsi üzrə 155 fakt, nəqliyyat vasitələrinin yüksək sürətlə idarə edilməsi üzrə 10 mindən çox, ötmə, manevretmə və qarşıdan gələn nəqliyyat vasitəsinin hərəkət zolağına çıxma qaydalarının pozulması üzrə 500-dən çox qayda pozuntusu aşkar edilərək təqsirkar sürücülər inzibati məsuliyyətə cəlb olunub.
 
Bununla yanaşı bildirilir ki, yol hərəkəti qaydalarının tələblərini pozan sürücülərə qarşı reydlər davam etdirilir.
 

Google+ WhatsApp ok.ru