Vergi ödəməyən şirkət rəhbərləri niyə həbs olunmur?

Bu gün ölkədə onlarla siyasi sifariş əsasında həbs olunmuş insan var. Bu şəxsləri bütün dünya “vicdan məhbusu” kimi tanıyır. Keçirilən məhkəmə proseləri, səslənən arqumentlər bu həbslərin qondarma olduğunu hər an sübuta yetirilir. 
 
Əvvəllər “narkotika”, “polisə müqavimət”, “xuliqanlıq” kimi ittihamlarla həyata keçirilən həbslər, ötən il “vergidən yayınma” itihamı ilə davam etdi. Intiqam Əliyev, Leyla Yunus, Rəsul Cəfərov, Anar Məmmədli və digərləri mənimsəmə, vergidənyayınma kimi absurd ittihamlarla həbs olundu.  Müstəqil QHT-lərin ofisində araşdırlma aparıldı, “sübut”lar tapıldı, ofislər möhürləndi və əzəmətli hökumətimiz “şəffaflığ”ı təmin etdi. Amma məhkəmə prosesində bu ittihamların heç biri sübuta yetirilmədi.
 
Ən maraqlısı odur ki, dövlət strukturlarının, Statistika Komitəsinin açıqlamaları bir qayda olaraq hakimiyyəti ifşa edir. Bugünlərdə Vergilər Nazirliyi ölkədə vergi borcunu ödəməyən şirkət və fiziki şəxslərin siyahısını açıqlayıb.ÿ
 
Vergilər Nazirliyinin saytında yerləşdirilən məlumata əsasən, həmin şirkətlər arasında “Hess (ACG) Limited” neft şirkətinin Bakı nümayəndəliyi, “Karasu Development Company” neft şirkətinin Kayman adalarında qeydiyyata alınmış nümayəndəliyi, “Petroleum Services Group SA” şirkəti, MILK-PRO süd emalı şirkəti, “Bakı Şərab-2" müəssisəsi, ”Rotary Engineering" şirkətinin Bakı filialı və digər şirkətlər var.ÿÜmumilikdə siyahıda 380 hüquqi və fiziki şəxs yer alıb.
 
Maraqlıdır, dövlətə vergi ödəməkdən imtina etmiş neft şirkətləri, iri sənaye müəssisələri niyə məsuliyyətə cəlb olunmur? Niyə bu şəxslər haqqında da həbs qətimkan tədbiri seçilmir? Niyə bu şirkətlərin ofisində də araşdırma aparıb, faktları hökumət qəzetlərində, telekanallar vasitəsilə ictimailəşdirmirlər?
 
Biz kimlərinsə həbsində maraqlı deyilik. Sadəcə olaraq Azərbaycanda qanunların hansı meyarlar əsasında qüvvədə olduğunu göstərmək istəyirik. Yüzlərlə vergidən yayınma faktı rəsmi şəkildə ifadə edilir və məlum olur ki, vergidən yayınanlar iri şirkətlərdi. Amma günahsız insanlara “vergidən yayınma” böhtanı atıb dərhal həbs edirlər. Tutalım  bu şərlənmiş insanlar həqiqətən də vergidən yayınıb. Onlara niyə digərləri kimi güzəşt olunmur, onlar niyə bayırda azad gəzə bilmirlər?
 
Bütün bunlar onu göstərir ki, bu ittihamlar hakimiyyətin sifarişi əsasında “peyda” olur və adı çəkilən şəxslər günahsızdı. Necə deyərlər, hökumət özü etiraf edir ki, “mən şər-böhtan istehsal edirəm”.
 
Fakt onu göstərir ki, dövlətə milyonlarla zərər vuranlar  sərbəst həyatlarını sürürlər, dövləti zərərlərdən qorumaq istəyənlər isə həbsxana həyatı yaşayırlar.(Azadlıq)

Google+ WhatsApp ok.ru