Velosipedçilər avtobuslarda velobaqaj istəyir

Velosipedçilər avtobuslarda velobaqaj istəyir

“Dünya təcrübəsində avtobuslarda velosiped daşımaq üçün şərait var”
 
Bakıda velosipedçilər avtobuslara velobaqaj qoyulmasını istəyir və bununla bağlı sosial şəbəkələrdə ““Baku Bus”larda velobaqaj istəyirik” - adlı dəvət səhifəsi də yaradıb, imza toplayırlar.
 
Onlar bildirir ki, şəhərin bəzi istiqamətlərinə velosipedlə getməkdə çətinlik çəkir və buna görə də avtobuslara velobaqaj qoyulmasını istəyirlər:
 
"Məsələn, Yasamaldan Sahilə velosipedlə 10 dəqiqəyə getmək mümkündür. Ancaq Sahildən Yasamala qalxmaq olduqca çətindir və zaman alır. Halbuki avtobuslarda velobaqaj olsa, bu problem həllini tapar. Hamısına olmasa belə, şəhərin mərkəzdən kənar hissələrinə işləyən “BakuBus”lara velobaqaj qoyulmasını istəyirik".
 
Velosipedçilər bununla bağlı rəhbərliyə yazılı müraciət etmək üçün imzatoplama aksiyasına başlayıb:
“Rəhbərliyə yazılı müraciət etmək üçün müəyyən qədər imzaya ehtiyacımız var. Nə qədər çox adam dəstək olsa, istəyimizə bir o qədər tez çatarıq. Odur ki, imzatoplama aksiyasına start verdik”.
 
“Baku Bus”lara velobaqaj qoyula bilərmi? – deyə Meydan TV avtobus rəhbərliyindən soruşub. “Baku Bus” rəhbərliyi suala cavab verməyib:
 
“Mətbuat xidmətinin rəhbəri işdə deyil. Gələndə sizinlə əlaqə saxlayacaq”.
 
Ancaq iyulun 20-də “Baku Bus” rəhbərliyi oxşar açıqlama yayıb. Bildirib ki, şirkətə məxsus 21 nömrəli marşrut xətti üzrə Səməd Vurğun bağı dayanacağından hərəkət edən avtobusa sərnişin velosipedlə daxil olub. O, velosipedi fiziki məhdudiyyətli insanlar üçün ayrılmış hissədə saxlayıb:
 
“Ona xətt dispetçeri və sürücü tərəfindən dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, məhəl qoymayıb. İsrarla velosipedi avtobusda saxlayıb. Sərnişinlərlə dolu avtobusun hərəkətinə maneə yaradan sərnişin avtobusun 23 dəqiqəyə yaxın dayanmasına və qrafik üzrə ləngiməsinə səbəb olub. Hadisə ilə bağlı polis orqanlarına məlumat verdikdən və əraziyə polis əməkdaşları gəldikdən sonra həmin sərnişin velosipedi ilə avtobusu tərk edib”.
 
Sonda şirkət bildirir ki, hər bir sərnişin mövcud qanunvericiliyə uyğun olaraq avtobusa digər sərnişinləri narahat edəcək ölçüdə əşya ilə minməməlidir:
 
“Bu kimi hallarda avtobusda olan digər sərnişinlərin qaydaları pozan sərnişinə qarşı öz reaksiyalarını göstərmələri vacibdir. Belə hallarda sərnişinlərimizin daha aktiv olmalarını və ictimai qınaq mexanizmini yaratmaqla qaydaları pozan sərnişinə qarşı münasibət bildirmələrini xahiş edirik”.
 
Velosipedçi Tofiq Hidayətzadə deyir ki, “Baku Bus”-un strategiyası 21-ci əsrin tələblərinə cavab verən nəqliyyat xidməti təşkil etməkdir:
 
“Sərnişinlərə rahat və təhlükəsiz xidmət göstərmək, eləcə də bu sahədə dünya təcrübəsindən istifadə etməkdir. Dünya təcrübəsində də avtobuslarda velosiped daşımaq üçün şərait var. Ümid edirik “Baku Bus” da velosipedçilərə tezliklə bu şəraiti quracaq. Belə olan halda ötən gün olduğu kimi sərnişinlə şirkət arasında o cür problemlər də yaranmaz”. /

Google+ WhatsApp ok.ru