Vəkil polis işçilərinin barmaq izlərinin ekspertizasının keçirilməsini xahiş edir

Vəkil Elçin Sadıqov istintaq altında olan gənc fəallar Byram Məmmədova və Qiyas İbrahimova qarşı irəli sürülən narkotik maddə  ittihamı ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinə vəsatət göndərib.  Vəkil bu barədə öz Facebook hesabında yazıb.
 
Vəkil gənclərə aid olduğu iddia edilən narkotik vasitələrin büküldüyü polietilen torbaların üzərindəki əl-barmaq izlərinin götürülməsini və kimə məxsusluğunu müəyyən etmək üçün ekspertizanı təyin olunmasını xahiş edir.
 
Vəkil bu polietilen torbaların üzərində neçə əl-barmaq izinin olmasının, bu izlərin neçə nəfərə və kimlərə aid olmasının müəyyən edilməsini xahiş edir.
 
Həmçinin o, əməliyyatda iştirak etmiş polis işçilərinin, Bakı Şəhəri Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsi rəisinin, onun müavinlərinin və bütün işçilərin  və gənclərin əl-barmaq izlərinin götürülərək ekspertizaya təqdim olunmasına təkid edir.
 
“Bu vəsatətlər təmin olunarsa sübut olunacaq ki, həmin narkotik vasitələrə Q. İbrahimovun və B. Məmmədovun heç bir aidiyyəti yoxdur. Bunu onların üzərinə polis işçiləri qoyub”, - E.Sadıqov qeyd edib.
 
O həmçinin bildirib ki, B.Məmmədov işğəncə faktlarının araşdırılmamasına etiraz olaraq beşinci gündür ki, aclıq edir.
 
Gənclər ittihamları rədd edirlər. Onlar hesab edirlər ki, Heydər Əliyevin abidəsinin üzərinə yazı  yazdıqlarına görə həbs olunublar. /

Google+ WhatsApp ok.ru