Tofiq Yaqubluya aparılan sovqat qəbul edilməyib

Şüvəlan təcridxanasında saxlanan Müsavat başqanının müavini Tofiq Yaqubluya aparılan sovqat qəbul edilməyib.
 
Tofiq Yaqublunun qızı Nigar Yaqublu “Media forum” saytına deyib ki, oktyabrın 1-də təcridxanaya gedərək atasının vəziyyəti ilə maraqlanıb: “Atamın orada olduğunu qeyri-rəsmi şəkildə təsdiq etdilər. Amma apardığım qida sovqatını götürmədilər. Səbəbini atamın Şüvəlan təcridxanasına tranzit məhbus kimi gətirilməsi ilə izah etdilər. Dedilər ki, sentyabrın 30-dan məhbuslar hissə-hissə buradan cəzaçəkmə müəssisələrinə paylanır. Amma indiyə qədər atam haqqında bizə hər hansı rəsmi məlumat verilməyib. Ona görə ciddi narahatıq”.
 
Tofiq Yaqublu İsmayıllı hadisələrinə görə həbs olunub. Ötən il yanvarın 23-24-də İsmayıllı şəhərində baş verən iğtişaşlara görə ümumən 20 nəfər tutulub. Şəki Ağır Cinayətlər Məhkəməsinin 17 mart hökmü ilə Tofiq Yaqublu 5 il müddətinə azadlıqdan məhrum edilib. Sentyabrın 24-də Şəki Apellyasiya Məhkəməsi bu cəzaları qüvvəsində saxlayıb. Sentyabrın 25-də Tofiq Yaqublu Şəki İstintaq Təcridxanasından Şüvəlan təcridxanasına gətirilib. /

Google+ WhatsApp ok.ru