İtkin düşən iki neftçinin meyiti ailələrinə təhvil verilib

"Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşən neftçilərin ikisinin meyiti ailələrinə təhvil verilib.
 
Bu barədə SOCAR-ın "Azneft" İstehsalat Birliyindən məlumat verilib.
 
Məlumata görə, bu gün saat 11:00-da neftçi Quliyev Əzizağa Nöhbala oğlu Bakının Zirə qəsəbəsindəki qəbiristanlıqda dəfn olunacaq. Digər neftçi Abdullayev Adil Ələkbər oğlunun dəfn mərasimi isə Novxanı qəbiristanlığında baş tutacaq.
 
Xatırladaq ki, Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata əsasən, yanvarın 4-də "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən daha ikisinin meyiti Xəzər dənizinin Türkmənistan sektorunda aşkar edilib.
 
Məlumat daxil olduqdan sonra meyitlərin gətirilməsi üçün bu gün səhər Türkmənistana yola düşən  FHN-in “BE-200ÇS” amfibiya tipli təyyarəsi geri qayıdıb. Neftçilər Quliyev Əzizağa Nöhbala oğlu və Abdullayev Adil Ələkbər oğlunun nəşləri Vətənə gətirilib və aidiyyatı üzrə təhvil verilib.

Google+ WhatsApp ok.ru