Taner Yıldız: Türkiyə TANAP-dakı payını sata bilər

İrandan aldığımız qazın həcmini artırmaq üçün ilk olaraq onun qiymətinə baxmaq lazımdır. Həmin qiymət Türkiyənin təbii qaz üçün qiymətinə uyğun olarsa, o zaman tədarük həcminin artırılması barədə qərar verə bilərik.
 
Bunu Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız bildirib.
 
Prezident Rəcəb Tayyib Ərdoğanla İran səfəri çərçivəsində müzakirə edilən qazın qiymətləri ilə bağlı sualı T.Yıldız belə cavablandırıb.
 
“İrana səfərimizdə mövzulardan biri də təbii qazın qiymətləri idi. İran bizim üçün Rusiyadan sonra ən çox təbii qaz aldığımız ölkədir”, - deyə, o, bildirib.
 
Qiymətləri, şərtləri görmədən qaz tədarükünün həcminin artırılması ilə bağlı heç bir qərar verə bilmərik, deyə, nazir əlavə edib.
 
Nazir Yıldız SOCAR-ın prezidenti Rövnəq Abdullayevin İranın TANAP layihəsi ilə maraqlanması, hətta bu layihədə pay almaq istəməsi barədə söylədiklərini şərh edərək bildirib ki, “TANAP-da həm bizim, həm də SOCAR-ın payı uyğun qiymətlər qarşılığında, strateji iş birliyini nəzərə alaraq, satıla bilər”.
 
Hazırda müxtəlif ölkələrin TANAP-a maraq göstərdiyini deyən Yıldız həmin dövlətlərin hər birinin həm ticarət, həm də strateji baxımdan təhlilindən sonra yekun qərar veriləcəyini söylədi.
 
Məlumat üçün bildirək ki, Türkiyə və Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsi və təchizatın diversifikasiyası baxımından böyük önəm daşıyan TANAP çərçivəsində qonşu ölkəyə ilk qaz nəqlinə 2018-ci ildə başlanılması planlaşdırılır. Başlanğıcda illik 16 mlrd. kubmetr təşkil edəcək nəql həcminin mərhələli surətdə əvvəlcə 24 mlrd. kubmetrə, sonra 31 mlrd. kubmetrə yüksəldilməsi nəzərdə tutulur.
 
1850 kilometrlik TANAP xətti 2020-ci ilin əvvəlindən etibarən Trans-Adriatik Təbii Qaz Boru Xəttinə (TAP) bağlanaraq, Cənubi Qafqaz Boru Xətti vasitəsilə alacağı təbii qazı Yunanıstan, Albaniya və İtaliya üzərindən Avropaya çatdıracaq.
 
TANAP 10-11 mlrd. dollar dəyərində qiymətləndirilir.
 
Layihədə payçılar arasında səhmlər belə müəyyənləşdirilib: “Cənub Qaz Dəhlizi” şirkəti - 58%, BOTAŞ - 30%, BP - 12%.

Google+ WhatsApp ok.ru