Təmirli yollar niyə dağıdılır - səbəblər

Təmirli yollar niyə dağıdılır - səbəblər

“Sfera.az”da “Yeni təmirdən çıxan yollar niyə qazılır? - ekspert və deputatlar “Azərsu” ASC-nin “asfalt düşmənçiliyi” haqda” sərlövhəli məqalə diqqət çəkir.
 
Müəllif təmirdən çıxmış yolların “Azərsu” tərəfindən su və kanalizasiya xətləri çəkilməsi üçün yenidən sökülməsi barədə “İqtisadi və Sosial İnkişaf” “Mərkəzinin eksperti Rəşad Həsənovla söhbətləşir.
 
“Belə bir vəziyyətin yaşanması Azərbaycanda dövlət qurumları və müəssisələri arasında uzunmüddətli inkişaf strategiyasının olmamasından qaynaqlanır”. Bunu “sfera.az”a açıqlamasında R.Həsənov bildirir.
 
R.Həsənova görə, yeni təmirdən çıxan yolun başqa təmir adı ilə yenidən sökülməsi Azərbaycanda ənənə halını alıb: “Problem odur ki, Azərbaycanda dövlət qurum və müəssisələrinin uzunmüddətli inkişaf strategiyası yoxdur. Dünya ölkələrinin əksəriyyətində uzun müddətli inkişaf strategiyası olmayan qurumlara dövlət büdcəsindən vəsait ayrılmır. Çünki bu hal bir sıra hallarda təkrar layihələrin həyata keçirilməsinə gətirib çıxarır və yaxud planlaşma olmadığından layihələrin uzunmüddətli dövrdə effektivliyi dəyərləndirilə bilmir. Bakının Babək prospektində müşahidə etdiyimiz situasiya da məhz bundan qaynaqlanır. Bir tərəfdən, “Azəryol” yol infrastrukturunun təkmilləşdirilməsilə bağlı layihə icra edir”.
 
Ekspertə görə, prosesi icra edəcək qurumlar arasında koordinasiyanın olmaması yol tikintisi məsələsində sözügedən vəziyyətin yaranmasına səbəb olub: “Yol tikintisi prosesinin icrası zamanı dövlət qurumları arasında heç bir koordinasiya təmin olunmur. Tikilən yolların tez-tez dağıdılması ilə bağlı yaranan əsas problem də məhz bu fonda yaşanır. Nəticədə xeyli vəsait xərclənərək, həyata keçirilən layihə qısa müddətdən sonra digər layihənin icrası ilə, demək olar ki, sıradan çıxarılır. Beləliklə, yaranmış situasiyada Babək prospektindəki yenidən təmirə dayanan yol uzunmüddətli dövrdə yenidən istifadə edilməyəcək”.
 
R.Həsənov deyir ki, bir sıra ölkələrdə bu kimi hallara Hesablama Palatası nəzarət edir: “Məsələn, Perfomansın Auditi, yaxud ictimai vəsaitlərin xərclənməsinin effektivliyi deyilən audit yoxlamaları məhz belə halların qarşısını almağa hesablanıb. Azərbaycanda isə Hesablama Palatası ümumiyyətlə Perfomansın Auditini həyata keçirmir. Nəticədə, indiki halda Babək prospektində müşahidə etdiyimiz mənzərə yaranır”.
 
Müəllifin sözlərinə görə, deputat Fazil Mustafa hesab edir ki, bu vəziyyət prosesi həyata keçirməli olan qurumların məsuliyyətsizliyindən doğur: “Yenicə təmir olunan yolun yenidən sökülməsi sanki bir ənənə halını alıb. Bu xoşagəlməz ənənəni dayandırmaq lazımdır. Görünür, Babək prospektindəki yolda baş verən proses də məhz cavabdeh qurumların məsuliyyətsiz fəaliyyətindən yaranıb”.
 

Google+ WhatsApp ok.ru