`Təkcə ev tikib pul qazanmırlar, həm də xəstə gələcək qururlar`

`Təkcə ev tikib pul qazanmırlar, həm də xəstə gələcək qururlar`

"Bu meydança ətraf binalarda yaşayanların sağlamlıq yeri idi. Hamı səhər saat 5-də oyanıb meydançaya axışırdı, saat 7-dək qaçış saatı idi, hamı qaçırdı. Uzun illər idi ki, bir ənənə halı almışdı. 3 aydır ki, stadiondan əsər-əlamət qalmayıb. Bir səhər ağır texnikaları tökdülər, başladılar qazmağa, indi də binaların təməlləri atılır".
 
Bunu AzadlıqRadiosuna Sumqayıt şəhəri, 12-ci mikrorayon sakini Əliağa Mahmudov deyir. Burada yaşayanlar 21 saylı orta məktəbə məxsus stadionla bərabər faydalı ənənələrin də yoxa çıxarılmasından təəssüflənirlər. Belə ki, bir şirkət ərazidə yaşayanların sağlamlıq yeri olan stadionu alıb və orada yaşayış binaları inşa edir.
 
"SANKİ HƏR ŞEYİ QƏSDƏN EDİRLƏR"
19 saylı binanın sakini Həsənağa Mirələmov deyir, uzun illərdir ki, evtikmə şirkətləri mikrorayonda yaşayış binaları ucaltmaqla məşğuldurlar. İş orasındadır ki, həmin şirkətlərə satılan ərazilər ictimai önəmli yerlərdir: "Gah parkları dağıdırlar, gah hansısa mədəniyyət ocağını... İndi də stadiona əl atıblar. Bunlar idman meydançalarını, mədəniyyət ocaqlarını dağıtmaqla həm də gələcəyi uçuruma aparır. İndiyədək bu stadiona kənardan da uşaqlar axışıb gəlirdi, futbol oynayırdılar, vaxtlarını səmərəli keçirirdilər. Ev satıb pul qazanmaqdan ötrü uşaqları idmandan, sağlamlıqdan uzaq salırlar. Sanki hər şey qəsdən edilir – gələcəyimiz olan uşaqları sağlamlıq ənənələrindən uzaqlaşdırıb xəstə gələcək qururlar. Dünənə qədər bu stadionda qaçan, idmanla məşğul olan, futbol oynayan gənclərə gedib "TOPAZ"da uduzmaqdan, narkotikə qurşanmaqdan başqa yol qoymurlar".
 
 
"QAPALI FUTBOL MEYDANÇASI TİKİLƏCƏK"
Stadionun ətrafında da hündürmərtəbəli binalar inşa olunub. Sakinlər deyir, şirkət sahibi həmin binalardakı mənzillərin yaxşı satılmasından məmnun qalıb və növbəti binaları inşa etmək üçün stadionun ərazisini də alıb.
 
Sumqayıt şəhər İcra Hakimiyyəti isə deyir, sakinlərin narahatçılığına əsas yoxdur. Qurumdan "Qaynar xətt"ə bildirilib ki, stadionun ərazisində qapalı futbol meydançası tikiləcək, ətrafında isə sosial evlər inşa ediləcək: "Sakinlərə ərazidəki tikintilərlə bağlı məlumat verilib. Stadionun ərazisi çox genişdir, qərara alınıb ki, bir hissəsi üstüörtülü futbol meydançası olsun, bir hissəsində isə sosial evlər tikiləcək. Bu, bir sosial layihədir", – qurumdan bildirilib.
 
Sakinlərsə keçmiş stadionun yerində nə üstüörtülü idman meydançasının, nə də kasıb təbəqənin cibinə uyğun evlərin tikiləcəyinə inanırlar. Onların sözlərinə görə, ərazidəki yeni tikililərdə satılan evlərin kvadratmetri, azı, 700-800 manatadır. /

Google+ WhatsApp ok.ru