Seçki bülletenlərinin paylanmasına başlanıb

Seçki bülletenlərinin paylanmasına başlanıb

-- Aprelin 3-i və 4-də bülletenlərin bütün seçki dairələrinə təhvil verilməsi nəzərdə tutulur

Növbədənkənar prezident seçkiləri ilə bağlı bülletenlərin dairə seçki komissiyalarına paylanmasına başlanıb.
 
Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, seçki bülletenlərinin paylanması ilə bağlı tədbir Milli Məclisin mətbəəsində keçirilib. Bülletenlər ilkin olaraq bu gün, aprelin 2-də Naxçıvan Muxtar Respublikasındakı seçki dairələri daxil olmaqla, ümumilikdə 41 seçki dairəsinə göndərilib.
 
Aprelin 3-i və 4-də bülletenlərin bütün seçki dairələrinə təhvil verilməsi nəzərdə tutulur.
 
MSK bildirir ki, seçki bülletenləri yüksək təhlükəsizlik şəraitində hazırlanıb. Seçki komissiyalarına verildikdən sonra bülletenlərin daşınması, saxlanması və məntəqə seçki komissiyalarına paylanması prosesinin mühafizəsini isə Daxil İşlər Nazirliyinin uyğun qurumları həyata keçirməlidir.
 
Bu il Azərbaycanda prezident seçkisi 6 ay önə çəkilib. Aprelin 11-nə təyin edilən seçkilər oktyabrda keçirilməli idi.
 

 

Google+ WhatsApp ok.ru