Qala qəsəbə sakinləri aksiya keçirib, yolu bağlayıb

Qala qəsəbə sakinləri aksiya keçirib, yolu bağlayıb

Xəzər rayonunun Qala qəsəbəsinin bir qrup sakini uzun illərdir yaşadıqları evlərin sökülməsindən narahatdır. Sakinlər noyabrın 5-də qəsəbənin Xasaxuna massvivində etiraz aksiyası keçiriblər.
 
150-dən artıq qəsəbə sakini qəsəbədəki əsas yolu bağlamaqla üzləşdikləri problemi ictimailəşdirmək istəyiblər. Ancaq əraziyə gələn çevik polis əməkdaşları aksiyanın baş tutmasına imkan verməyib.
 
Narazı sakinlər deyir ki, 20 ilə yaxındır ki, bu ərazidə məskunlaşıblar. Onların əksəriyyəti məcburi köçkünlərdir.
 
Əslən Kəlbəcər rayonundan olan sakinlərdən Nadir Əliquliyevin deməsinə görə, indiyə kimi evləri ilə bağlı heç bir problem olmayıb. Deputat seçkilərində namizədlər evlərin sənəd probleminin həll olunacağına vəd veriblər.
 
"Ölkə başçımız da bunu bir neçə dəfə söyləyib. Deputatlar da deyirlər ki, Milli Məclis artıq bu məsələni həll edib. Ancaq keçən həftə "qorotdel"dən xəbərdarlıq gəlib ki, evləriniz qanunsuzdur. Bizi əlimizdəki sənədlərlə idarəyə çağırırlar. Daşı-daş üstünə qoymaq olmur, dərhla icrası, polisi başımızın üstünü alır, qanunsuz ev tikməyə imkan verərlər? Massvidəki bütün evlərin rəsmi ünvanı var, işqı var, qaz, su var. Hər ay ödənişimizi etmişik. Seçki məntəqəsi də var. Siyahı ilə orda qeydiyyatdayıq. Necə olur ki, yaşadığımız ev qanunsuz tikili olur", deyən sakin əlavə edir ki, massiv Xəzər rayonu ilə Abşeron rayonunun arasında qalıb.
 
"Bir gün bu rayondan, sabah başqa rayonun icrasından gəlirlər. Bizim sitəyimiz budur ki, məsələ birdəfəlik həll edilsin".
 
Digər narazı sakinlər də eyni problemdən şikayət ediblər. Onların deməsinə görə, evlərin sənədləşməsi üçün sakinlərdən 10 min manata qədər pul istənilir.
 
"Bizim bu boyda pulu vermək imkanımız yoxdur. Hökumətdəkilər deyib ki, evlər sənədləşdiriləcək. Ya sənədləşdirsinlər, ya da torpaqlarımızı, ev-eşiyimizə özümüzə qaytarsınlar, gedib yaşayaq", sakinlər bildiriblər.
 
Narazı sakinlər sonda qərara gəliblər ki, bir daha Xəzər rayon İcra Hkimiyyətinə, ölkə başçısına, Ombudsmana problemləri ilə bağlı müraciət etsinlər. Onlar məsələ həllini tapmasa, yenidən etiraz aksiyaları keçirmək niyyətindədirlər./contact.az /
 

Google+ WhatsApp ok.ru