Paytaxt sürücülərinin dayanma-durma dərdi

Paytaxt sürücülərinin dayanma-durma dərdi

Paytaxt Bakıda sürücülərin daha çox şikayət etdiyi məsələlərdən biri avtomobillərin parklanması zamanı üzləşdikləri məqamlardır. Sürücülər bəzən əsassız cərimələndiklərini iddia edirlər.

Məsələnin əsas tərəfi isə sürücülərin nəqliyyat vasitələrini harada saxlamasıdır. Bakıda parklanma vəziyyəti necədir?

Nəqliyyat sahəsi üzrə ekspert Ərşad HüseynovAzadlıqRadiosuna deyib ki, paytaxtda bu məsələyə iki yanaşma var və hər ikisi başadüşüləndir. Onun fikrincə, yanaşmaların biri budur ki, paytaxtda avtomobillərin dayanma-durma məsələsi başlı-başına buraxıla bilməz: «Araşdırmalarım, müraciətlər də onu göstərir ki, «mənə niyə cərimə yazdılar» deyənlərlə «filan yolda yolu bağlayanları cərimələmirlər» deyənlər arasında nisbət ikincilərin xeyrinə çox olur».

«Sirr buradadır»

Ekspertə görə, şəhərin mərkəzi hissələri, metronun «20 Yanvar», «Əhmədli» stansiyasının ətrafı, Babək prospekti klassik tıxac yerləridir. Onun qeyd etməsinə görə, avtomobillərin bəzən iki-üç cərgə dayanması hərəkətin ləngiməsinə səbəb olur, bir sıra hallarda cərimələr də buradan yaranır:

«Paytaxtda tıxac yaranmasının səbəbləri çoxdur, onlardan biri qanunsuz parklanmalardır. Bəzən əsaslı, bəzən əsassız cərimələr yazılır. Buna alternativ isə ictimai nəqliyyatın inkişaf etdirilməsi ola bilər, sirr buradadır».

Ekspert deməsinə görə, dünyanın əksər ölkələrində «fasiləsiz və təhlükəsiz hərəkət», eləcə də «əlçatımlılıq, fasiləsizlik, təhlükəsizlik və mobillik» kimi məsələ var ki, onun ilk bəndi ictimai nəqliyyatdır: «Amma bizdə, hələ ki, ictimai nəqliyyatla bağlı da çox ciddi problemlər var. Digər tərəfdən, saxlanma yerləri normal deyil, dünya təcrübəsində iri şəhərlərdə avtomobillərin ancaq 15-20 faizinin açıq parklanma yerləri olur. Çünki parklanma, dayanma-durma yeri həmişə məhduddur və ictimai nəqliyyat daha yüksək səviyyədə olsa, dediyimiz problemlər qabarıq görünməyəcək».

«Bakını sarı xətlərlə bəzədilər...»

Ekspert əlavə edib ki, 2007-ci ilə kimi dayanma-durma Bakıda elə də problem olmayıb. Onun fikrincə, 2007-ci ildən Bakını dayanma-durma qadağası edən «sarı xətlərlə bəzədilər, bəzən nişanları elə yerə qoydular ki, görünmür».

Onun sözlərinə görə, avtomobillərin harada dayanması problemi isə artıq infrastruktur məsələsidir.

Ə.Hüseynov habelə deyib ki, parklanma yerlərinin təşkili və dayanma-durma yerlərinə nəzarəti Bakı Nəqliyyat Agentliyi etməlidir.

Yay aylarında ictimai nəqliyyatda hansı problemlərlə üzləşirsiz?

«...Bu pullar hara gedir bilinmir»

Onun qeyd etməsinə görə, amma parklanma təsərrüfatını bu qurum tam nəzarətə götürməyib: «Hətta bəzi şirkətlər var ki, avtomobil sürücülərindən pul alıb çek də verirlər, amma bu pullar hara gedir, bilinmir».

Ə.Hüseynova görə, daha bir problem qanunvericilikdəki boşluqlardır: «Problem odur ki, Nazirlər Kabineti saxlanma yerlərinin təşkili və istifadə qaydasını hələ təsdiq etməyib. Parklanma yerlərinin tarifləri təsdiq olunmayıb. Bu məsələlərin həllini tapması avtomobillərin parklanmasının həllinə təkan verə bilərdi. Məsələn, hansı küçədə nə qədər parklanma yeri var, tarifi nə qədərdir və s. Digər tərəfdən isə, maariflənmə işi aparılmalıdır».

Bakı Nəqliyyat Agentliyindən deyirlər ki,...

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev isə «Turan» agentliyinə deyib ki, dayanma-durma yerləri həmişə iri şəhərlərdə problem olub, bununsa alternativi yalnız ictimai nəqliyyatdan daha çox istifadə etməkdir: «Ümumiyyətlə, Azərbaycanda hələ parklanma üçün konkret qiymət təsdiq olunmayıb. Odur ki, Bakı Nəqliyyat Agentliyi parklanma məsələsində idarəetməni yerinə yetirmir. Ödəniş məbləği təsdiqləndikdən sonra yeni idarəetmə qaydası da tətbiq ediləcək».

M.Ağayev daha sonra da deyib: «2-3 ildir ölkəyə yeni avtobuslar gətirilir, məqsəd ictimai nəqliyyatdan istifadəni genişləndirməkdir. Digər tərəfdən, küçə parklanma yerləri hər zaman məhdud resurs sayılır və dünyada belədir». /azadliq.org

Google+ WhatsApp ok.ru