Neftçilərə mobil telefon qadağası - niyə indi?

Neftçilərə mobil telefon qadağası - niyə indi?

“Son zamanlar Neft Daşlarında baş verən qəzalar, dənizin çirklənməsi və digər məsələlərin mediada, sosial şəbəkələrdə geniş işıqlandırılması SOCAR-da narahatlıqla qarşılanıb. Neft şirkəti buna görə sərt addımlar atmağa başlayıb”.
 
Bunu Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı deyib.
 
Onun bildirməsinə görə, neftçilərin işə özləri ilə telefon aparmasına qadağa qoyulub.
 
“Azneft” İstehsalat Birliyinin rəhbərliyi bununla bağlı sərəncam verib. Həmin qərar təhlükəsizlik, yanğından mühafizə məsələləri ilə əsaslandırılıb. Bu əsassız qərardır”, deyən M.Qəhrəmanlı həmin qərarla bağlı SOCAR-ın vitse-prezidenti Bədəl Bədəlova müraciət edib.
 
“İş zamanı mobil telefondan istifadə qadağandır, tamamilə razıyam. Ancaq platformayagedən insanlar 15 gün ailələrindən təcrid olunurlar, ona görə də onların telefon götürməsinə anlaşıqlı yanaşılmalıdır. Mənə “Azneft” İstehsalat Birliyindən bildirdilər ki, bütün platformalarda stasionar telefon qoyulub, neftçilərin həmin telefonlar vasitəsilə ailələriylə danışmasına heç bir problem olmayacaq”.
 
M.Qəhrəmanlı bu günlərdə “28 may” Neft Qaz Çıxarma İdarəsində də telefon qadağası qoyulduğunu, bunun heç bir əsasının olmadığını söyləyib.
 
“Çünki orda əhali də yaşayırsa, onlardan telefonu necə alacaq? Eyni zamanda, ora böyük bir adadır, həmin adaya telefon aparmağı qadağan etmək heç cür anlaşılmır. Yaxşı, şəkil çəkən telefonlara qadağa qoyurlar, bəs adi telefonlara nədən qadağa qoyulur? Sadəcə, SMS yazmağdan da qorxurlar. Təəssüf ki, bu barədə müvafiq qurumlara müraciətimə reaksiya yoxdur”, M.Qəhrəmanlı bildirib.
 
O, birmənalı olaraq hesab edir ki, telefon qadağasının əsas səbəbi baş verən qəzaların ictimaiyyətdən gizlədilməsidir.
 
Məsələyə, SOCAR rəsmilərinindən münasibət almaq mümkün olmayıb.(azadliq.org)

Google+ WhatsApp ok.ru