Naxçıvanın keçmiş milli təhlükəsizlik nazirinin həbs səbəbi

Bir neçə həftə öncə Naxçıvanda muxtar respublikanın keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərov həbs edilib. Bu barədə “Azadlıq” qəzet məlumatlı mənbələrə istinadən bildirib.
 
Həbsin formal səbəbi  Naxçıvan Milli Təhlükəsizlik Nazirliyinin binasında təmir-tikinti işlərinə ayrılmış vəsaitin mənimsənilməsidir.
 
Lakin Naxçıvandakı mənbələr Turan-a bildiriblər ki, əsl səbəb V.Ələsgərovun keçmiş MTN rəhbəri Eldar Mahmudova yaxın olmasıdır.
 
Yerli mənbələr həmçinin bildiriblər ki, V.Ələsgərovun yaxın qohumlarının hamısı işdən çıxarılıb. Onların kommersiya obyektləri və ya əmlakları əllərindən alınıb.
 
“Ələsgərovun qohumlarının şəxsi avtomobillərində MTN-in 009 nömrəsi olub. Nömrələrin hamısı geri alınıb”, - Naxçıvandakı məlumatlı mənbə Turan-a bildirib.
 
Bundan əlavə, Naxçıvan şəhərində V.Ələsgərovun E.Mahmudov üçün tikdirdiyi villa sökülüb. Bata-bat adlanan kurort ərazisində E.Mahmudov üçün tikilən başqa bir villa isə müsadirə edilib.
 
Naxçıvanın rəsmi dairələrindən və ya Azərbaycan Baş Prokurorluğundan şərh almaq cəhdləri baş tutmayıb.
 
Xatırladaq ki, Vəli Ələsgərovun adı hüquq müdafiəçilərinin və sıravi vətəndaşların təqib olunması ilə bağlı qalmaqallarda dəfələrlə keçib. Bu işlərin arasında İranın xeyrinə casusluqda ittiham edilən Turac Zeynalovun MTN-də ölməsi də var.
 
Bundan əlavə, hüquq müdafiəçiləri Məlahət və İlqar Nəsibovlara çoxillik təzyiqlər sonuncunun hücuma məruz qalması və ağır xəsarət alması ilə nəticələnib.
 
Hüquq müdafiəçiləri və jurnalistlərin Naxçıvana girişi çoxdan təhlükəli və demək olar ki, mümkünsüz iş olub. İnsan hüquq və azadlıqlarının pozulmasına görə bu bölgə çoxdan Şimali Koreya səviyyəsinə çatıb.contackt /

Google+ WhatsApp ok.ru