Metro stansiyalarında ticarət obyekləri yenidən açılacaq - FOTO

Bakı metrosunun stansiyalarında ticarət köşkləri bərpa oluna bilər. Artıq “Koroğlu” stansiyasında bir ticarət köşkü tikilib və yaxın günlərdə istifadəyə veriləcək.
 
Artıq bu məsələ rəsmi şəkildə də təsdiqlənib. QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bu haqda açıqlama verib. 
 
Onun sözlərinə görə, bir neçə metro stansiyasında məhdud sayda ticarət obyektinin açılması nəzərdə tutulur: “Hazırda “Koroğlu” və eləcə də digər stansiyalarda bir neçə ticarət obyektinin fəaliyyət göstərməsinə icazə verilməsi məsələsi nəzərdən keçirilir. Lakin bu ticarət obyektlərində ancaq gül, kitab satılması və ya aptek fəaliyyət göstərməsi nəzərdə tutulur. Əsas məqsəd bu obyektlərin heç bir şəkildə sərnişinlərin təhlükəsizliyinə və hərəkətinə mane yaratmamasıdır. Biz sərnişindaşıma işini icra edirik. “Koroğlu” metrostansiyasının çıxışında da bir ticarət obyektinin fəaliyyətə başlaması nəzərdə tutulub. Əgər metro keçidlərində ticarət obyektlərinin fəaliyyətinə icazə verilərsə, bununla bağlı müqavilələr Əmlak Məsələləri üzrə Dövlət Komitəsi ilə bağlanacaq”.
 
 
N.Paşayev keçidlərdə qəzet və jurnal satışı barədə verdiyimiz suala isə belə cavab verib: “Hələ dəqiq heç nə yoxdur. Ticarət obyektlərinin yenidən fəaliyyətə başlaması haqqında dəqiq bir qərar verildikdən sonra kitab satılan yerlərdə qəzet və jurnalların satışına icazə verilib-verilməməsi barəsində danışmaq olar. Hələ bunu müəyyən etmək çox çətindir”.
 
Məsələ ilə bağlı adı çəkilən “Koroğlu” stansiyasında olduq. Metronun çıxış hissəsində yeni tikilən ticarət köşkü artıq demək olar ki, fəaliyyətə hazırdır. Bu ticarət köşkü gül dükanı olaraq, fəaliyyət göstərəcək. Aldığımız məlumata görə, “Koroğlu” stansiyasında əvvəllər fəaliyyət göstərmiş bəzi ticarət obyektləri də fəaliyyətə başlayacaq. 
 
Məlumatda deyilir ki, metronun “piramida” adı ilə tanınan hissəsinə çıxışın sağ və sol tərəfindəki şüşəli ticarət obyektləri fəaliyyətə başlayacaq. Artıq həmin yerlərdə çalışmaq üçün can atan sahibkarlar da var. Onlar da ticarət obyektlərinin fəaliyyətinə icazə veriləcəyi günü gözləyirlər. Amma sahibkarlar bəzi məqamlara görə tərəddüd edirlər.
 
Əvvəllər adıçəkilən keçiddə çalışan Qalib Səftərov adlı şəxs deyir ki, ticarət obyektlərinin fəaliyyətinə icazə verilsə belə, yenə də işləmək çətin olacaq: “Çünki qazanc eyni olmayacaq. Məsəslən, mən burada işləyəndə paltar və ayaqqabı satırdım. Qazancım da yaxşı idi. Həm aylıq icarə haqqını ödəyirdim, həm də ailəmi dolandırırdım. İndi icazə versələr də, sadəcə kitab, gül satmaq və aptek açmaq olar. Artıq bir gül dükanı var. Hamı gül və ya kitab sata bilməz. Lap satsaq da, nə qazanacağıq? İndi kitab alan var? Aptek üçün də xüsusi lisenziya lazımdır”. 
 
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası prezidentinin 27 fevral, 2014-cü il tarixli 289 saylı sərəncamına əsasən, Bakı Metropoliteninin və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus “Bakı Metropoliteni” QSC yaradıldı. Zaur Hüseynov onun sədri təyin edildi. Z.Hüseynovun ilk səs-küylü qərarı isə bütün metro keçidlərində ticarət obyektlərinin sökülməsi olmuşdu. 
 
O, “20 Yanvar” metrosundakı ticarət obyektləri istisna olmaqla, bütün metro keçidlərindəki obyektlərini sökdürdü. Həmin zamanlarda keçidlərdəki sahibkarlar dəfələrlə etiraz etsələr də, dəyişən bir şey olmadı. İndi isə keçidlərdə yenidən ticarətə icazə verildi. Amma həmin sahibkarlar yenidən metro keçidlərində çalışmaqdan imtina edirlər.
 
Keçidlərdəki söküntülərdən sonra bir çox sahibkar şəhərin bir neçə yerində açılan “Metro” ticarət mərkəzlərində çalışmağa başladılar. Həmin sahibkarlardan biri olan Tural Ağayev deyir ki, keçiddə kitab və gül satmaqdansa, indiki yerdə işləməsi daha yaxşıdır: “Mən əvvəllər “İnşaatçılar” metrostansiyasının keçidində ayaqqabı satırdım. O vaxt hamımızı oradan qovdular. Külli miqdarda maddi ziyanım oldu. Banka olan kredit borcumu keçən ay ödədim. Yenidən keçidlərdə işləmək fikrim yoxdur. Həm kim əmin ola bilər ki, yenidən təzə qərar çıxardıb, bizi oradan köçürməyəcəklər? Bundan əlavə orada gül, kitab satmaqdansa, indi işlədiyim yer daha yaxşıdır”. 
 
Çəkiliş zamanı bir neçə metro sərnişinləri ilə də söhbətləşdik. Onlar bu yeni qərardan narazı deyildilər: “Mənim üçün fərqi yoxdur. Əsas odur ki, keçidin dəhlizlərində heç nə qurmasınlar. Gediş-gəlişə mane olmasınlar. Əgər kitab satırlarsa, bu, lap əla... Amma sadəcə, kitablarla da kifayətlənməsinlər. Əvvəllər olduğu kimi, qəzetlər, jurnallar da satılsın. Aptekin olması lap əla qərardır. Çünki bəzən metroda sıxlıq olan saatlarda yaşlı insanların və ya cavanların halı pisləşir. Kiməsə dərman lazım olur. Keçiddə aptekin olması bu cəhətdən çox yaxşıdır”.musavat.com
 
 
 

Google+ WhatsApp ok.ru