Məktəblilərin iş dəftəri bəlası... - Valideynlər narazıdır

Məktəblilərin iş dəftəri bəlası... - Valideynlər narazıdır

 
“Müəllimlərin tələb etdikləri iş dəftərlərinə ümumi məktəb alış-verişindən çox pulumuz çıxıb. Uşaqlar hər gün evə gələndə deyir ki, müəllimə filan şeyi tapşırıb. Özü də mütləq yenisi olmalıdır”.
 
Övladını dərsdən götürmək üçün N. Nərimanov adına 45 nömrəli tam orta məktəbə gələn Nəzakət Quliyevanın böyük qızı 4-cü, kiçik qızı isə 2-ci sinfə başlayıb.
 
Nəzakət xanımın sözlərinə görə, dərslikləri Təhsil Nazirliyi ödənişsiz versə də, onlarla yanaşı hər fəndən bir neçə iş dəftəri də tələb olunur:
 
“Əsas fənlər üçün 3-4, digər fənlər üçün isə ən azı 1 iş dəftəri almalıyıq. 4-cü sinfin iş dəftərlərinin birinin qiyməti 5 manat 50 qəpikdir. Azərbaycan dili və riyaziyyat fənninə 3 əlavə vəsait tələb olunur: yarpaq test, iş dəftəri və qiymətləndirmə. Hətta musiqi və təsviri incəsənət üçün belə iş dəftəri tələb olunur. Ötən gün 4-cü sinifdə oxuyan qızım üçün aldığımız iş dəftərləri 50 manatdan çox pul tutdu”.
 
Nəzakət xanım onu da qeyd edib ki, iş dəftərlərinin tələb olunması müəllimə görə dəyişir. Bir müəllimin tələb etmədiyi ləvazımatlar paralel sinifdə digər bir müəllim tərəfindən tələb olunur.
 
Hazırda ibtidai sinif şagirdləri üçün tələb olunan bəzi iş dəftərləri və testlərin qiymətləri isə belədir:
 
4-cü sinif üçün Azərbaycan dili və riyaziyyatdan iş dəftəri: 5,50 AZN
Həyat bilgisi: 5,50 AZN
2-ci sinif üçün yarpaq test: 3,50 AZN
1-ci sinif üçün sinifdən xaric oxu: 3,50 AZN
4-cü sinif üçün qiymətləndirmə: 4 AZN
4-cü sinif testləri: 2,80 AZN
 
İş dəftərlərinin sayının çox olması təkcə ailə büdcəsinə ağırlıq etmir, gündə ən azı 5-6 fənn keçən şagirdlər də məktəbə gedib - gələn zaman bu ağırlığı qaldırmq məcburiyyətində olurlar. Müşahidələrimiz əsanasında onu deyə bilərik ki, çox ağır olduğu üçün, əksər hallarda valideynlər övladlarının çantalarını özləri daşımalı olur:
 
“Birinci sinif uşağı bu ağırlıqda çantanı daşıya bilər? Hələ burada iş dəftərləri yoxdur, sadəcə kitablardır. Çalışırıq valideyn olaraq çantanı özümüz aparıb gətirək”.
 
Nəzərə alsaq ki, hazırda ölkəmizdə eyni zamanda 3-4 uşaq məktəbə yola salan ailələr var, bu zaman həmin ailələr üçün sadəcə iş dəftərlərinə lazım olan məbləğ təxmini 150-200 manata kimi qalxır. (qafqazinfo) /

Google+ WhatsApp ok.ru