Korrupsiya basqısı altında fərdi inşaat

Azərbaycanda fərdi ev tikintisi böyük korrupsiya ilə müşaiyət olunur. İnşaata icazə və ya razılıq verilməsi haqqında qərar qəbul edən icra orqanına rüşvət vermədən, demək olar ki, bir ev belə tikilə bilməz. Bu nəticə Turan informasiya agentliyinin tədqiqatından irəli gəlir.
 
AR Şəhərsalma və İnşaat Məcəlləsinə əsasən, icra hakimiyyətinin fərdi ev tikintisi üçün razılığının icazə və məlumatlandırma (icazə tələb etməyən) forması mövcuddur.
 
Məlumatlandırma icraatı çərçivəsini aşan hər şey icazə icraatı qaydalarının əhatə dairəsinə düşür və bir sıra dövlət qurumlarının razılığını tələb edir.
 
Məlumatlandırma icraatı 2012-ci ildən, guya bürokratizm və korrupsiyanın azaldılması üçün tətbiq edilməyə başlayıb, amma təcrübə göstərir ki, məhz bu icraat inşaatda korrupsiyanın əsas mənbəyinə çevrilib, belə ki, vətəndaşların əksəriyyəti qənaətcil evlər tikir.
 
Turan İnformasiya Agentliyi fərdi inşaatın “sadələşdirilmiş variantı” – məlumatlandırma icraatı problemi haqqında yazmışdı. Məqalədə bir rayonun təcrübəsində nümunələr göstərilmişdi, amma sonrakı araşdırmalar göstərdi ki, bu vəziyyət bütün rayonlarda müşahidə olunur. Bundan başqa, bu ilin iyunundan Bakı şəhər icra hakimi Hacıbala Abutalıbov bütün icazə və məlumatlandırma sisteminin öz əlində cəmləşdirmək yolunda addım atıb. O, bütün paytaxt rayonlarının icra başçılarına məktub göndərərək, istisnasız bütün layihələrin Bakı şəhər İH Baş Memarlıq və Tikinti İdarəsi (BMTİ) ilə mütləq razılaşdırılmasını tələb edib. Məktubun surətini almaq cəhdləri uğursuz olub. Cənab Abutalıbov onu nəşr etməkdən imtina edir. Ombudsman Elmira Süleymanova belə şəhər rəisinə təsir edə bilmir, baxmayaraq ki, bu qərar geniş ictimai maraq doğurur.
 
Müxtəlif məlumatlara görə, məlumatlandırma icraatıilə tikintiyə razılıq  üçün evin hər mərtəbəsinə görə 3 min manat rüşvət vermək lazımdır, hələ icazəni demirik. Doğrudur, rüşvətin ölçüsü daha az məbləğdən daha yüksək məbləğə qədər dəyişir.
 
Müxtəlif “müvafiq” orqanların şəhərsalma qanunvericiliyindən şəxsi məqsədləri üçün istifadə etməsinin subutları www.google.com/maps-dan çəkilmiş şəkillərdir. Onlar icra hakimiyyətinin iştirakı ilə çoxsaylı qanunvericiliyin pozulması faktlarını əks etdirir. Şəhərsalma Məcəlləsinin aradakı məsafə haqqında 69.4-cü maddəsinin (Aşağıda “İnşaatçılar üçün xatırlatma”ya bax) və Nazirlər Kabinetinin “Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar”ının bir mərtəbənin sahəsinin torpaq sahəsinin ərazisinin 20%-dən artıq olmasının yolverilməz olduğu haqqında 4.13-cü bəndinin pozulması göz önündədir.
 
Bu əməllər ekologiyanın, ətraf mühitin kütləvi şəkildə pozulmasına, infrastrukturun, insan fəaliyyətinin, sanitar normaların pozulmasına aparıb çıxarır.
 
Bu vəziyyət fərdi evlərin tikintisi sahəsindəki vəziyyətə ciddi şəkildə yenidən baxılmasını tələb edir. Mövcud qanunvericilik və normativ aktların nisbətən yaxşı tərtib edildiyi faktdır. Lakin korrupsioner sistem onları devalvasiya edir. Vəziyyətdən çıxış yolu aşağıdakı üç tədbirdədir:
 
- həm məmurların, həm də inşaatçıların qanunsuz tikintiyə görə məsuliyyətini sərtləşdirmək,
 
- ictimai təşkilatların, icmaların cəlb edilməsi, inşaat sənədlərinin qəbul edilməsi və onlarla bağlı qərarların icra hakimiyyətlərinin saytlarında dərc edilməsi ilə şəffaflığın artırılması,
 
- tikinti layihələrinin həm planlaşdırılmasına, həm də reallaşdırılmasına yanaşma sisteminin maksimum sadələşdirilməsi.
 
Yazışma
 
Problemin araşdırılması zamanı Nazirlər Kabineti, Bakı şəhər icra hakimi və İH Şəhərsalma və Memarlıq İdarəsi, Pirallahı rayonunun icra hakimiyyəti, Dövlət Şəhərsalma və Memarlıq Komitəsi ilə yazışmalar aparmaq, dəstək üçün ölkə prezidentinə müraciət etmək – hətta açıq formada, məmurlardan suallara cavab almaq məqsədilə ombudsman Elmira Süleymanovadan dəstək istəmək lazım gəldi.
 
Nazirlər Kabineti heç bir məktuba cavab verməyib, onlardan birini Pirallahı rayonuna göndərib. Bu rayonun icra hakimiyyəti sualların mahiyyəti ilə əlaqədar olmayan qeyri-müəyyən cavab verib. Bakı şəhər icra başçısı və paytaxt BMTİ heç bir yazılı müraciətə ümumiyyətlə cavab verməyib. Prezidentdən cavab gəlməyib. Ombudsman iki məktubunda kömək etməyi və nəzarət etməyi vəd edib, amma bu, nəticə verməyib. İki məktuba mahiyyəti üzrə cavab verən yeganə orqan Dövlət Şəhərsalma və Memarlıq Komitəsi olub ki, buna görə onlara təşəkkür edirəm.
 
İnşaatçılar üçün xatırlatma
 
AR Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci Məlumatlandırma icraatı maddəsində deyilir:
 
80.1. Mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız memarlıq-planlaşdırma bölməsinin hazırlanması tələb olunur.
 
80.1-1. İnsanların yaşaması və toplanması, habelə istehsalat fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmayan yerüstü mərtəbələrinin sayı ikidən, hər mərtəbəsinin hündürlüyü 3 metrdən, ümumi sahəsi 1400 kvadratmetrdən və tikinti sahəsi 1000 kvadratmetrdən çox olmayan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və tikinti layihəsinin yalnız memarlıq-planlaşdırma bölməsinin hazırlanması tələb olunur.
 
80.2. Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. 
 
80.3. Barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır.
 
80.4. Sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verir və tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma bölməsini bu Məcəllənin 80.1-ci, 80.1-1-ci və 80.3-cü maddələrində maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün həmin orqana təqdim edir. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən 1 ay müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər.
 
80.5. Barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinə uyğun tikilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.
 
Həmçinin, Məcəllənin 69.4-cü maddəsində bəhsi keçən evin divarı arasında ara məsafəni nəzərə almaq lazımdır. Yolun hərəkət hissəsinə çıxan hasara qədər ara məsafə istisna olmaqla, torpaq sahəsinin bütün digər  tərəflərində hasarla evin divarının    arasında ara məsafə evin divarının hündürlüyünün 0,6 hissəsinə bərabər olmalıdır. Məsələn, əgər evin divarının hündürlüyü 4 metrdirsə, hasara qədər məsafə 2,4 metrdən çox olmamalıdır.
 
Torpaq sahəsi sahibləri həmçinin nəzərə almalıdırlar ki, 79.1.3-cü maddəyə əsasən, hündürlüyü ən çoxu 2,2 metr  olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların (o cümlədən (təbii və süni daşdan olan hasarlar da daxil olmaqla) tikintisi üçün icazə tələb olunmur. Və heç kim icazə almaq barədə tələb irəli sürmək hüququna malik deyil.
 
Və nəhayət, nəzərə almaq lazımdır ki, Nazirlər Kabinetinin 21 fevral 2014-cü il tarixli 51 nömrəli “Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar”ı, daha dəqiq isə, qaydaların 4.13-cü bəndi tikilən fərdi yaşayış evinin sahəsinin torpaq sahəsinin ərazisinin 0,20 hissəsindən artıq olmamasını tələb edir. Bu, o deməkdir ki, 6 sot ərazidə bir mərtəbəsinin sahəsi 120 kv. metrdən çox olmayan bina tikilə bilər.
 
Bu, fərdi inşaatın əsas şərtləridir, evin layihəsinin hazırlanması və icra hakimiyyətinə ərizə verilməsi zamanı bu şərtlərə riayət olunmalıdır. Amma bu da rüşvətxor məmurlardan xilas olmaq üçün kifayət etmir. contact /
 

Google+ WhatsApp ok.ru