Ekspert: “Dövlət büdcəsinin dəstəyi azaldıqca, qiymətlər artacaq”

Ekspert: “Dövlət büdcəsinin dəstəyi azaldıqca, qiymətlər artacaq”

“Dövlət büdcəsinin dəstəyi azaldıqca, qiymətlər artacaq”
 
İqtisadçı Samir Əliyev deyir ki, qazın və işığın qiymətinin artırılması gözlənilən idi. O, bu barədə özünün “Facebook” səhifəsində yazıb:
 
“2016-cı ilin büdcə sənədində bu barədə qeyd olunmuşdu. Qısaca onu bildirim ki, artım prosesi bununla yekunlaşmayacaq. Dövrü olaraq kommunal xidmətlərin qiyməti artırılacaq. Səbəb kommunal xidmətlərin düzgün idarə edilməməsi səbəbindən maya dəyərinin daim şişməsidir. Bu qurumların fəaliyyətində şəffaflıq yoxdur və vəsaitlər səmərəsiz xərclənib. Dövlət büdcəsinin dəstəyi azaldıqca, qiymətlər artacaq. Bir müddətdən sonra artım olmuş qurumlar maya dəyərinin yüksək olmasını və buna görə də satış qiymətinin artmasının vacibliyini bildirəcəklər. Ona görə də kommunal sektorda islahatlar aparılmalıdır və özəl sektorun cəlbinə diqqət artırılmalıdır. İlk olaraq qaz paylaması işi SOCAR-dan geri alınmalı, yeni paylayıcı şirkət yaradılmalıdır.
 
İndi növbə nəqliyyat sektorunundur. Bu sektorda qiymət artımı zaman məsələsidir. Görək hökumətin əhliyə "yeni il hədiyyəsi" nə vaxt olacaq?”
 
“Bu, əslində bahalaşma deməkdir”
 
“Tarif Şurası qazın qiymətini diferensiallaşdırılması barədə qərar qəbul edib. Bu əslində bahalaşma deməkdir”. 
Bunu isə iqtisadçı Qadir İbrahimli deyir:
 
“Qərara görə, ildə 1500 kubmetrədək olan istehlakçılar 1 kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib.
 
Sadə hesablama. Oktyabrdan başlayaraq aprelə qədər bizim evin aylıq qaz xərci 50 AZN olur. Bu arada biz ayda 500 kubmetr qaz istehlak edirik. 7 ayda bu göstərici 3500 kubmetr olur. Təbii ki, bu aylarda qaz istehlakının artması evin istilik təhcizatı ilə bağlıdır. İlin qalan 5 ayında isə istehlak 50 kubmetrə çatır. Bu hesabla biz ildə 3750 kub metr qaz istehlak edirik. Deməli, bunun 1500 kubmetrini 10 qəpikdən, 2250 kubmetrini isə 20 qəpikdən ödəməliyik. Bu hesabla indiki tariflərlə biz ildə 375 manat ödəyirdik. Yeni tariflərlə isə ildə 600 AZN ödəməliyik (1500X10 qəpik= 150 AZN, 2250X20=450 AZN)”.(meydantv)
 

Google+ WhatsApp ok.ru