Dollar bankların bəlasına çevrilib

Əhali ABŞ valyutasında depozit qoyur, banklar isə onu yerləşdirib faizləri qaytara bilmir

Xəbər verdiyimiz kimi, banklar dollarla cəlb edilən əmanətlərin faiz dərəcələrini kəskin aşağı salıb. Bəzi banklarda 1-2 faiz civarında endirimlər olsa da, bəzilərində isə azalma 4-5 faizədəkdir. Manatla qoyulan depozitlərdə isə əksinə, kəskin artım müşahidə edilir. Əgər iki-üç ay öncə milli valyuta ilə cəlb edilən əmanətlərin faiz dərəcələrinin orta göstəricisi 9-11 faiz arasında idisə, hazırda 13-15 faiz arasında dəyişir. Dollarla isə əksinə, ötən ilin sonuna kimi orta göstərici 8-11 faiz arasında dəyişirdisə, indi, hətta bunu 3 faizə qədər endirən banklar var. Faiz dərəcələrini ən çox aşağı salan banklar isə aşağıdakılardır:
 

 

Dollarla

Manatla

Bank of Baku

3-5.5 faiz

10-11 faiz

Unibank

4.6 faiz

13 faiz

Bank Standart

5-7.5 faiz

15 faiz

Accesbank

4 faiz

14 faiz

AGBank

7.5 faiz

12 faiz

Yapıkreditbank

3-5 faiz,

11-13 faiz

 

Əksər banklar haqda tam məlumat ala bilmədik. Bu siyahının daha böyük olduğunu deyə bilərik.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti  Rəşad Həsənov "Bizim Yol"a bildirdi ki, devalvasiyadan sonra bankları ən çox düşündürən məsələlərdən biri dollarlaşmanın qarşısını almaq və prosesi ləngitməkdir: "Eyni zamanda Mərkəzi Bank bununla bağlı təşəbbüslər irəli sürüb. Bizdə olan məlumata görə, Mərkəzi Bankın banklara etdiyi tövsiyələr sırasında dollarla yatırılan əmanətlərin faiz dərəcələrinin aşağı salınması məsələsi də var. Bu, əmanətlərin dollarlaşması prosesinin qarşısını alır".
 
İqtisadçı bildirdi ki, dollarla cəlb edilən əmanətlər banklar tərəfindən passiv şəkildə qalıb və onun yerləşdirilməsində problemlər var. Çünki banklar krediti xarici valyutada vermək istəsələr də, vətəndaşlar manatla götürməyə çalışır. Ona görə də banklar dollarla olan vəsaitlərin böyük bir hissəsini yerləşdirməkdə çətinliklər çəkirlər. Bu isə problemlər məngənəsində olan banklarda əlavə xərclərə gətirib çıxarır. Əslində, problemlərin yaranma səbəbi neftin qiymətinin aşağı düşməsi, növbəti devalvasiya təhlükəsi, Mərkəzi Bankın qərarlarını əvvəlcədən proqnozlaşdırmağın mümkün olmamasıdır. Bu baxımdan vətəndaşlar öz əmanətlərinə zəmanət almaq istəyirlər. Belə olan şəraitdə dollarla olan depozitlərin faiz dərəcələrini aşağı salması təbii bir prosesdir. Bu, manatla əmanətlərin stimullaşdırılması deməkdir".
 
R.Həsənov dollar əmanətlərinin faiz dərəcələrinin aşağı salınmasının proseslərə öz töhfəsini verməyə başladığını bildirdi: "Bu yaxınlarda açıqlama oldu ki, Mərkəzi Bank konvertasiyaya yönəldilməmək şərti ilə banklara manat dəstəyi göstərəcək. Son dövrlər pul kütləsinin azalması real sektoru çox çətin bir vəziyyətə saldı. Bazarlarda tələb-təklif münasibətlərində pozulma, istehsalın həcminin daralması kimi hallar baş verib. Çox güman ki, Mərkəzi Bank banklara manat dəstəyi verməklə, həm bazarda pul kütləsini artırmaq, həm də əhalini milli valyutada əmanət qoymağa cəlb etməyə çalışır. Eyni zamanda passiv yığımları aktiv istifadə olunan bazara daxil etməklə, növbəti dövrlər üçün Mərkəzi Bank konvertasiya xərclərinin müəyyən bir qismini aradan qaldırmağa cəhd göstərir".
Ekspertə görə, manatla qoyulan əmanətlərin faiz dərəcələrinin artması isə kreditlərin bahalaşmasına gətirib çıxarır: "Devalvasiyadan sonra banklar tərəfindən verilən kredit faizləri çox yüksəlib. Halbuki, ötən ilin sonuna kimi kredit faizləri ölkədə ən çox müzakirə olunan mövzulardan biridir. 2015-ci ilin əvvəlində baş verənlərin fonunda bu məsələ gündəmdən çıxıb. Bu isə o deməkdir ki, dövlət qurumları nə qədər manatın gələcəyi ilə bağlı təhlükənin sovuşması istiqamətində ictimai fikir formalaşdırmağa çalışsalar da, bu təhlükədən sovuşmaq olmayıb. Növbəti dövrlərdə manatı yeni təhlükələr gözləyir. Ona görə də manatla yüksək depozit cəlb etdikləri kimi, yüksək faizli kreditlər də müəyyənləşdiriblər".
 
R.Həsənov dedi ki, devalvasiyadan sonra sürətlə dollarlaşmanın getməsi ayrı bir mənzərə yaradıb: "Kiçik intervalda manatın möhkəmlənməsi insanlar arasında çaşqınlıq yaradıb. İndi vətəndaşlar arasında dollarla olan əmanətlərini manata çevirmək kimi fikirləri belə formalaşıb. Son hesabatdan da görünür ki, Mərkəzi Bankın intervensiya xərcləri azalıb, valyuta ehtiyatının isə az da olsa artmasına gətirib çıxardı. Bunun üstünə manatla daha yüksək faizli depozit cəlbi bazarlarda müəyyən canlanmanın yaranmasına gətirib çıxaracaq. Ən azından əhalinin passiv bir qismi, hansı ki, əllərindəki vəsaitlərini banka qoymaq üçün mövqe gözləyir, onlar bu addımı atacaq. Ona görə də dollarla qoyulan əmanətlərin faiz dərəcələrinin aşağı salınması milli valyuta ilə depozitlərin yatırılmasına stimul olacaq. Son 3-4 ayda dollarların passiv şəkildə banklarda yığılmasına gətirib çıxarıb. Banklar dollarla əmanəti qəbul etməyə bilmir. Bu üzdən faizlərin aşağı salınması xarici valyutada vəsaitlərin cəlbini tormozlayacaq".
 
Digər iqtisadçı-ekspert Qubad İbadoğlu isə sosial şəbəkədə yaydığı açıqlamada bildirib ki, bankların dollarla əmanətlərin faiz dərəcəsinin aşağı salınması istiqamətində apardığı siyasət mövcud zərurətdən irəli gəlir: "Çünki sürətlə dollarlaşan əmanətlər həm banklar, həm də bütövlükdə iqtisadiyyat üçün ciddi çətinliklər yaradır. Mərkəzi Bankın bu ilin may ayına açıqladığı məlumat əsasında cəmi depozit bazasının valyutalar üzrə struktur təhlili göstərir ki, dollarla olan əmanətlərin ümumi əmanətlərdə payı 73,34 faiz təşkil edib. Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə bu göstərici 49,8 faiz olub".
 
İqtisadçının fikrincə, faiz dərəcələrinin aşağı salınması ilə bağlı gedən proseslər bir tərəfdən dollarla kreditlərin faiz dərəcələrinin aşağı salınmasını şərtləndirsə də, digər tərəfdən dollarla olan əmanətlərin qara bazarının formalaşmasını və xarici kapitalın ölkədən axını kimi mənfi tendensiyaların yaranmasını da stimullaşdıra bilər.

Google+ WhatsApp ok.ru