Dünya – qəflət, yoxsa təkamül vasitəsi?

Dünya – qəflət, yoxsa təkamül vasitəsi?

Qurani-Kərimdə və dini rəvayətlərdə bildirilir ki, insanda qəflət doğuran əsas səbəblərdən biri var-dövlət və ailə-uşağa bağlılıqdır. “Münafiqun” surəsinin 9-cu ayəsində buyurulur: “Ey iman gətirənlər! Mallarınız və övladlarınız sizi Allahı yad etməkdən yayındırmasın.”

İnsanda öz var-dövlətini qəpik-qəpik artırmaq həvəsi onu Allahdan və Qiyamətdən qəflətdə saxlayır. Əgər insan bu bağlılıqda ifrata varmazsa, var-dövlət və ailə-uşaq faydalı olacaqdır. Qurani-Kərim həmin nemətlərdən düzgün faydalanan insanları da yad edir: “İnsanlar var ki, ticarət, alver onların fikrini Allahdan qəflətdə saxlamaz.” (“Nur” surəsi, ayə 37.)

Demək, insan dünya həyatını elə yaşaya bilər ki, Allahın razılığını qazanar. Bəs bunu necə etməli?

Əgər dünya işləri insan üçün hədəf olarsa, dünya onun qibləsinə çevrilər. Qibləsi dünya olan insanın Allahı yada salması imkansızdır. Amma insan Allahı və Qiyaməti unutmadan dünya və onun nemətlərinə vasitə kimi də baxa bilər. Son məqsədi Allaha yaxınlaşmaqda görən insan üçün dünya nemətlərindən istifadə ibadətə çevrilə bilər. Yeyərkən, yatarkən, istirahət edərkən Allahı unutmayan insan üçün bu işlər heç də qorxulu deyil. Dünya nemətlərinə Allahın Öz bəndəsinə mərhəməti kimi baxan insan Allahı necə unuda bilər? Belə bir baxışla övlada məhəbbət qəflət yox, ibadət hesab olunur.

Əlbəttə ki, belə bir baxış yalnız özünütərbiyədən sonra mümkündür. Sadəcə olaraq bilməliyik ki, bu iş mümkündür.

Bir sözlə, dünyaya baxış iki cürdür. İnsan dünyaya elə baxa bilər ki, daha da kamilləşər. Amma elə baxış da var ki, insanı qəflətdə saxlayar. Qurani-Kərimdə dünyanın cazibədarlığı fitnə adlandırılır. “Fitnə” “imtahan” deməkdir. İmtahanın isə iki nəticəsi ola bilər: məqbul və ya qeyri-məqbul. “Ənfal” surəsinin 28-ci ayəsində buyurulur: “Bilin ki, var-dövlət və övladlarınız sizin üçün ancaq bir imtahandır.”

Bu imtahanda vəzifəsini layiqincə yerinə yetirən şəxs Allaha yaxınlaşır, qəflətdə qalan isə uçuruma yuvarlanır. Quran xəbərdarlıq edir ki, dünya sizi aldatmasın: “Dünya həyatı sizi aldatmasın.” (“Loğman” surəsi, ayə 33.)

Quran əmr etmir ki, dünya nemətlərindən uzaqlaşaq. Sadəcə, xəbərdarlıq olunur ki, dünya hədəf yox, vasitədir. İmam Əli (ə) buyurur: “Dünya ona ibrət gözü ilə baxanları bəsirət sahibi, onun zinətlərinə aldananları isə kor etdi.”

Demək, dünya həm bəsirət gözünü aça bilər, həm də kor edə bilər. Dünyaya vasitə kimi baxanların bəsirət gözü açılar. Dünyanı özünə qiblə edənlərin isə bəsirət gözü tutular. Dünya eynək kimidir. Eynəkdən baxan həqiqəti, eynəyə baxan onun şüşəsini görür. Bu insan (eynəyə baxan) üçün eynək kömək yox, pərdədir. Əgər insan dünya və onda olanları Allahın neməti kimi qəbul etsə, onlara nəzər saldıqda, Allahı xatırlayacaq. Allahı xatırlayan insan isə halal-harama diqqət yetirib, vəzifələrinə lazımınca əməl edəcək. “Ali-İmran” surəsinin 92-ci ayəsində oxuyuruq: “Sevdiyiniz şeylərdən (haqq yolunda) sərf etməyincə, yaxşılığa nail olmayacaqsınız.”

İnsan Allah yolunda sevdiyi şeylərdən sədəqə verməklə dünya malına məhəbbətdən yaxa qurtarmalıdır. İnsan var-dövlətə o qədər hərisdir ki, sədəqə verəndə də əzik, cırıq manatları verir. Təmiz və şax pulları sədəqə etməklə dünyaya olan qorxulu bağlılıqdan xilas olun. Əks-təqdirdə, dünyapərəstlikdən qurtulmaq çətin olacaq.

Qəflətdən qurtarmaqdan ötrü insanın gündəlik proqrama ehtiyac var. Dua, Quran, zikr, namazdan ibarət olacaq bu proqramın vəzifəsi ardıcıl şəkildə Allahı xatırlatmaqdır. Allah-Taalanın beş vaxtda namazı vacib etməsi də bu məqsədi daşıyır. Amma vacib namazlardan əlavə, müstəhəb ibadətlərə də ehtiyac var. On yeddi rükət namaz vacib, bu namazları əvvəl vaxtında qılmaq isə müstəhəbdir. Ən azı namazları əvvəl vaxtında qılmağa diqqət yetirmək lazımdır. Bu iş ilk əvvəl çətin görünsə də, az sonra davamiyyət nəticəsində adət halını alır və insan namazı əvvəl vaxtında qılmaqdan ləzzət alır. Bundan əlavə, müxtəsər də olsa, müstəhəb ibadətlər nəzərdə tutulmalıdır. (“Allaha doğru”, Ayətullah Misbah Yəzdi, səh.60-63.)

Maide.Az 

Google+ WhatsApp ok.ru