BMT-nin İşçi Qrupu Azərbaycanda azadlıqdan məhrumetmə yerlərində vəziyyəti öyrənəcək

BMT Özbaşına Həbslər üzrə İşçi Qrupu mayın 16-25-də Azərbaycanda azadlıqdan məhrumetmə yerlərində vəziyyəti öyrənəcək.
 
BMT-nin Bakı nümayəndəliyindən verilən məlumata görə,  10 günlük səfər çərşivəsində qrupun rəhbəri Setonci Rolan Acovi (Benin) və onun kommunikasyalar üzrə müavini Xose Gevara (Meksika) Bakı, Gəncə və Naxçıvanda dövlət nümayəndələri, vətəndaş cəmiyyəti və digər əlaqədar tərəflərlə görüşlər keçirəcəklər.
 
  Ekspertlər həbsxanalar, polis məntəqələri, ruhi-əsəb xəstəxanaları kimi müəssisələrə baş çəkəcək, azadlıqdan məhrum olunmuş şəxslərlə və onların ailə üzvlərilə  görüşəcək, ilkin mənbədən məlumat toplayacaqlar.
 
Qrupu BMT İnsan Hüquqları üzrə Ali Komissarlığı katibliyinin əməkdaşları müşaiyət edəcək.
 
  İşçi Qrupunun ilkin müşahidələrinə dair mətbuat konfransı mayın  25-də saat 15:00-da BMT-nin ofisində keçiriləcək.
 
  Yekun hesabat 2017-ci ilin sentyabrında BMT-nin İnsan Hüquqları Şurasına təqdim ediləcək.
 
İşçi Qrupuna həmçinin Li Tumi (Avstraliya), Seonq-Fil Honq (Koreya) və Vladimir Toçilovski (Ukrayna) daxildir.
 
BMT Özbaşına Həbslər üzrə İşçi Qrupu 1991-ci ildə yaradılıb. (contact.az)

Google+ WhatsApp ok.ru