Büdcədən ayrılmış 2.6 milyarddan fermerə nə çatıb?

Vahid Məhərrəmov: «İllik gəliri 15 faiz olan fermer 25 faizdən yuxarı krediti necə ödəyə bilər?!»

Artıq neçə ildir ki, dövlət büdcəsindən kənd təsərrüfatı sektorunun inkişafı üçün birbaşa vəsaitlər ayırır. Həmin vəsaitlər Sahibkarlığa Kömək Milli Fondu, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi və "Aqrolizinq" ASC tərəfindən fermerlərə kredit, subsidiya və lizinq şəkildə çatır. 
 
Bu təşkilatlar yaradılandan indiyədək (2015-ci ilin ayırmaları da daxil olmaqla) dövlət büdcəsindən ayrılan və digər mənbələrdən daxil olan vəsaitlər hesabına 2,6 milyard manatdan çox kredit verib. Belə ki, Sahibkarlığa Kömək Milli Fondu 1,75 milyard manat, "Aqrolizinq" ASC 810 milyon manat, Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi 122,3 milyon manat kredit yönəldib. Əlbəttə, dövlətin bu tip maliyyə dəstəyini müsbət dəyərləndirmək olar. Çünki azərbaycanlı fermerlərin hazırda ən çox çətinliklə üzləşdiyi məsələ məhz sərmayə qoymaq üçün pul çatışmazlığıdır. Vaxtilə dövlətin ucuz vəsaitlə təminatının kənd təsərrüfatı sektorunun inkişafına yardım edəcəyi düşünülürdü. Zaman keçdikcə, əks proseslərin şahidi olduq. Ayrılan vəsaitlərə fermerlərin əlçatanlığında problemlər  yarandı, məmurlar tərəfindən mənimsəmə halları aşkarlandı. 
 
Pulsuz qalan kəndlilər kommersiya banklarının və bank olmayan kredit təşkilatlarının (BOKT) 30-40 faizlik kreditlərinə üz tutmalı oldular. Təəssüf ki, bu gün ölkə üzrə ümumi kredit qoyuluşunda aqrar sektora düşən pay 4,6 faizdir. Banklar faktiki olaraq, bu sektoru maliyyələşdirməkdən imtina edirlər. BOTK-lər isə bahalı siyasət yürütməklə yalnız soyğunçuluqla məşğuldurlar. 
 
Kənd təsərrüfatı sahəsinin inkişafı üçün bu istiqamətdə hansı islahatlar aparılmalıdır?
 
Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov "Bizim Yol"a şərhində bildirdi ki, dövlət büdcəsindən ayrılan vəsaitlərin xərclər strukturu şəffaf şəkildə göstərilməlidir: "Yəni hansı hissəsi güzəştli kreditlərə, hansı hissəsi layihələrin istifadəsinə, hansı hissəsi texnika ilə təchizata və sair xərcləndiyi göstərilməlidir. 
 
Sahibkarlığa Kömək Milli Fondu yalnız sifarişlə işləyir. Son zamanlar fermerlərlə görüşlərdə çoxlu şikayətlər gəlir. Fond öz kreditlərini ona və ya hansısa məmura yaxın olan iri sahibkarlara verir. Bu da qeyri-bərabərlik yaradır. Maliyyə vəsaitinə həqiqətən ehtiyacı olan və öz sahəsində iş qurmağı bacaran orta və kiçik sahibkarlar Fondun vəsaitlərindən yararlana bilmirlər. Kredit alanlar isə rəqabət xarakterli məhsul deyil, sifarişli istehsalla məşğuldurlar. Bütün bunlar aqrar sektorun inkişafını və bu sahənin gəlirliliyini əngəlləyir".  
 
Kommersiya banklarının və bank olmayan kredit təşkilatlarının kənd təsərrüfatı sektoruna ayırdığı kreditlərə gəlincə, ekspert bu istiqamətdə fermerlərə qarşı soyğunçu siyasət yeridildiyini vurğuladı. V.Məhərrəmov bir sıra islahatların aparılmasının vacibliyini qeyd etdi: "Hər bir bank kiməsə məxsusdur və hamısı bir-birilə əlaqəlidir. Bu səbəbdən kredit faizlərini də onlar müəyyənləşdirirlər. Hətta Sahibkarlığa Kömək Milli Fondunun kreditlərini almaq üçün seçilən müvəkkil banklar da sifarişlə müəyyən olunur. Əslində, belə bir fondun fəaliyyətinə ehtiyac yoxdur. Əgər hökumət aqrar sektora dəstək göstərmək istəyirsə, o zaman müəyyən banklara yalnız kənd təsərrüfatı üçün nəzərdə tutulan aşağı faizli kreditlər verə bilər. Maliyyə təşkilatları müstəqil şəkildə özləri faiz dərəcələrini müəyyənləşdirib, hansı fermerlə işləmək gərəkliyini seçəcəklər. Belə olan halda müştərilərin sayı da artacaq, risklər isə azalacaq. Banklara müstəqillik vermək lazımdır. 
 
Bu gün fermerlərin istehsal etdiyi məhsuldan zərərə düşməsinin səbəbi məhz götürdükləri kreditlərin faiz dərəcələrinin kifayət qədər baha olmasıdır. Eyni zamanda qeyri-rəsmi ödəmələr tələb olunur. Fermeri yük altına qoyan məhz bu tip xərclərin yüksək olmasıdır. Məsələn, Rusiyada aqrar sektor üzrə kreditlər 8 faizlə verilir. Həmin 8 faizin 4 faizinin ödənməsini dövlət öz üzərinə götürüb. Belə olan halda risklər və zərər çox olmur. 
 
Azərbaycanda fermerin əksəriyyətinin illik gəliri 15 faizdir. Bu qədər gəlir əldə edən fermer 25 faizdən yuxarı kredit ödəyirsə, əlbəttə müflis olmaq riskləri çoxdur. Belə bir vəziyyətdə kənd təsərrüfatının inkişafından danışmaq yersiz görünür"

Google+ WhatsApp ok.ru