Bakıda mənzillərindən zorla çıxarılanlar

Bakıda mənzillərindən zorla çıxarılanlar

"Bizim Yol" qəzetində isə "Bakının mərkəzində şiddət yaşanır: sakinləri zorla evlərindən çıxarırlar" sərlövhəli məqalə oxumaq olar.
 
Süleyman Rüstəm küçəsi, 193 (köhnə 69) ünvanında yaşayan sakinlər qəzetə bildiriblər ki, sözün əsl mənasında, onlara divan tutublar. Yaşadıqları mənzilə güc yolu ilə daxil olan tikinti şirkətinin işçiləri əşyaları çölə atırlar.
 
Sakinlərdən Sədaqət Hüseynova deyib: "2016-cı ilin dekabrından ərazidə söküntü işlərinə başlanıb. Ötən ilin dekabrında gətirib bura polis tökdülər, biz polis idarəsinə zəng vurduq, dedilər xəbərimiz yoxdur. Sonra bəzi sakinləri qorxudaraq razılıq aldılar. Bəzisi vəzifəsinə, bəzisi işinə görə geri çəkilməli oldu. Fevral ayında gəlib qazımızı kəsdilər. Ətrafda yaşayanlar inandı ki, dövlət layihəsidir, razılaşdılar. Bu şəxslərin heç bir sənədi yoxdur. Gəlib bizim evlərimizə sahib çıxdılar".
 
Başqa bir sakin Dilavər Osmanova da şikayətçilər arasındadır: "Bizim evlərimiz qəzalı olmayıb. Bu evdən iki qız köçürmüşəm, heç bir şikayətim olmayıb. Gəlib qonşunun suyunu kəsdilər. Bütün gecəni su doldu zirzəmiyə, evim bərbad vəziyyətə düşdü. Deyirik ki, Mehriban xanıma şikayət edəcəyik, deyirlər elə bu saat o sizi eşitdi. Şəhərin mərkəzində odun yandırırıq".
 
Yazıda bildirilir ki, sakinləri yaşadıqları evlərdən çıxarmaq istəsələr də, onlara hər hansı kompensasiya təklif edilmir.
 
Müəllif sakinlərdən S.Hüseynovanın əmlakının çölə atılmasını belə təsvir edir: "Hadisə yerinə çatanda evin əşyaları çölə tökülmüşdü. Sakinlər ağlayır, qışqırır, şirkətin nümayəndələri ilə mübahisə edirdilər. Ərazinin Mənzil İstismar Sahəsinin (MİS) müdiri, şirkətin əməkdaşları, polis nümayəndələri sadəcə kənardan dayanıb evin sökülməsinə baxırdılar…". /

Google+ WhatsApp ok.ru