Azərbaycanda illik inflyasiya 10 faizdən yüksəkdir

2016-cı ilin yanvar-aprel aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2015-ci ilin eyni dövrünə nisbətən 10,5 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 12,2 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 15,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 4,2 faiz bahalaşmışdır. Bu barədə "Marja"ya Dövlət Statistika Komitəsindən bildirilib.
 
QARA QARAYEVDƏ İPOTEKA İLƏ MƏNZİL!
 
2016-cı ilin aprel ayında mart ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,2 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 0,1 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 0,5 faiz bahalaşmış, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə sabit qalmışdır.
 
Ay ərzində qarabaşaq yarmasının, toyuq ətinin, kolbasa məmulatlarının, yumurtanın, kərə və zeytun yağlarının, şəkər və şəkər tozunun, limonun, naringinin, bananın, almanın, armudun, kələmin, balqabağın, yerkökünün, çuğundurun, sarımsağın qiymətlərində bahalaşma, makaron məmulatlarının, balıq məhsullarının, qoyun ətinin, pomidorun, xiyarın, kartofun, soğanın, göyərtinin qiymətlərində isə ucuzlaşma müşahidə olunmuşdur. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
 
Aprel ayında mart ayı ilə müqayisədə qeyri-ərzaq məhsullarından parçaların, geyim və ayaqqabıların, inşaat materiallarının, xalça və digər döşəmə örtüklərinin, şüşə məmulatları, yemək qabları və əşyalarının, mebel və ev əşyalarının qiymətlərində bahalaşma müşahidə olunmuşdur. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir. 
 
BİTKİÇİLİK MƏHSULLARI 21% UCUZLAŞIB
 
2016-cı ilin yanvar-aprel aylarında 2015-ci ilin eyni dövrünə nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 10,3 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalçı qiymətləri 21,0 faiz ucuzlaşmış, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 0,8 faiz bahalaşmışdır.
 
Bitkiçilik məhsullarının istehsalçı qiymətlərinin ucuzlaşmasına əsasən ölkədə 2015-ci ildə əvvəlki ilə nisbətən buğdanın məhsuldarlığının yüksəlməsi hesabına onun istehsalının 16,5 faiz artması, dünya bazarında son dövrlərdə buğdanın qiymətinin aşağı düşməsi, cari ilin yanvar ayından etibarən buğdanın idxalına və satışına əlavə dəyər vergisinin tətbiqinin dayandırılması təsir göstərmişdir.
 
Bundan əlavə, bir sıra tərəvəz məhsullarının qiymətləri də aşağı düşmüşdür. 2016-cı ilin aprel ayında mart ayına nisbətən bitkiçilik məhsullarının istehsalçı qiymətlərinin 0,2 faiz ucuzlaşması, heyvandarlıq məhsullarının istehsalçı qiymətlərinin isə 0,2 faiz bahalaşmısına baxmayaraq ümümilikdə kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə sabit qalmışdır. 
 
Aprel ayında mart ayı ilə müqayisədə bitkiçilik məhsullarından alma və kələmin istehsalçı qiymətlərində bahalaşma, fındığın, xiyarın, pomidorun istehsalçı qiymətlərində isə ucuzlaşma müşahidə olunmuşdur. Digər bitkiçilik məhsullarının istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
 
MAL VƏ QUŞ ƏTİ BAHALAŞIB
 
Aprel ayı ərzində heyvandarlıq məhsullarından süd və qoyun ətinin istehsalçı qiymətlərində ucuzlaşma, yumurtanın, mal və quş ətinin istehsalçı qiymətlərində isə bahalaşma müşahidə olunmuşdur. Digər heyvandarlıq məhsullarının istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir. (marja)
 

Google+ WhatsApp ok.ru