Ali təhsilli işsizlər ordusu yaranır

Təhsil naziri Mikayıl Cabbarov rəsmi statistikanı alt-üst edən açıqlama ilə çıxış edib. O bildirib ki, hazırda ali məktəbi bitirən məzunların orta hesabla 42 faizi ali təhsilini başa vurduqdan sonra əmək bazarında iş əldə edir. Orta hesabla hər il ali məktəbləri 50 min tələbə bitirir.
 
Bu göstəricinin 42 faizi isə 21 min tələb deməkdir. Deməli, il ərzində 50 mindən yalnız 21 mini iş tapa bilir. Bu rəqəm isə dövlətin işsizliklə mübarizə istiqamətində açıqladığı rəsmi rəqəmlərlə heç uyğun gəlmir.
 
Iqtisadçı Samir Əliyevin fikrincə, araşdırılarsa, məlum olacaq ki, Azərbaycanda işlə təminat məsələsi daha aşağıdır. Azərbaycanda faktiki olaraq diplomlu işsizlərin yetişdirildiyini deyən S.Əliyev vurğuladı ki, insanlar ixtisasları üzrə iş tapa bilmirlər: “Ümumilikdə götürəndə Azərbaycanın təhsil səviyyəsi aşağıdır. Bunu bütün ekspertlər vurğulayır. Hətta bunun fonunda belə insanlar ixtisaslarına uyğun iş tapa bilmirlər. Azərbaycanın problemi budur ki, insanlar yerlərində deyillər. Insanlar harada iş tapdılarsa, orada işləyirlər”.
Təhsil nazirinin açıqlamasının vəziyyətin nə dərəcədə acınacaqlı hala gəldiyini deyən S.Əliyev bildirdi ki, bu, Azərbaycanda işsizlik səviyyəsinin yüksək olduğunu bir daha təsdiqləyir. (azadliq.info)
 

Google+ WhatsApp ok.ru