Abid Şərifovun şirkəti Almatıya apardığı fəhlələrə sahib çıxmır

180 fəhlə Qazaxıstanda çarəsiz durumda qalıb

“Məsələ qəzetinizdə ictimailəşəndən sonra daha məhkəmə bizləri həbs etmir. Amma vəziyyətimiz çox acınacaqlıdır”. Bu sözləri musavat.com-a müraciət edən “EVRASCON” ASC-nin Qazaxıstanın Almatı vilayətində apardığı fəhlələrdən biri deyib. Onun sözlərinə görə, aylardır ki, maaş ala bilməmələri onları çıxılmaz duruma salıb: “5-ci aydır ki, maaş ala bilmirik. Ac-susuz qalırıq bəzən. Bakıya da qayıda bilmirik”.
 
Adının çəkilməsini istəməyən fəhlə deyib ki, “EVRASCON” ASC-nin Azərbaycanın Salyan rayonunda yol çəkən fəhlələri maaş verilmədiyinə görə mitinq keçirəndən sonra onlara 1 aylı əmək haqqı ödənilib: “Biz Qazaxıstanda çox pis durumdayıq. Mitinq keçirə bilmirik. Tutub polisə aparacaqlar, məlum olacaq ki, iş üçün icazəmiz yoxdur. Orada həbsə alacaqlar. Bunu şirkətin buradakı nümayəndəliyi də bilir. Ona görə də bizi veclərinə almırlar.  Allahın ümidinə qalmışıq. Maaşımızın veriləcəyi günü gözləyirik”.
 
“EVRASCON” ASC 180 fəhləni Almatıya bu ilin əvvəllərində aparıb. Bu ilin mayından şirkətin adı işçilərin maaşını vermədiyinə görə mətbuatın gündəminə gəlib. Şirkətin Qazaxıstanın Almatı vilayətində tikinti işlərinin görülməsi üçün müqaviləsi olub. İndi bəlli olur ki, Bakıda işçilərin pulunu vermədiyi günlərdə şirkət Almatıda görüləcək işləri həyata keçirmək üçün 180 nəfər azərbaycanlı fəhləni Qazaxıstana yollayıb. 4 ay ərzində azərbaycanlı fəhlələr Qazaxıstan Miqrasiya Xidməti ilə problemlər yaşamayıblar.Ayda 2 dəfə olmaqla, qonşu ölkənin ərazisinə keçib yenidən Qazaxıstana qayıdıblar, işlərini görüb ailələrinə çörəkpulu yollayıblar. Bir müddət əvvəl isə məsələnin üstü açılıb və bu ölkənin Miqrasiya Xidməti rəsmi sənədlərdə Qazaxıstana qonaq kimi getmələri göstərilən azərbaycanlılar haqda sərt addımlar atmağa başlayıb, azərbaycanlı fəhlələri Almatı Vilayət Məhkəməsinə aparıb  Qazaxıstan ərazisində qanunsuz olaraq fəaliyyət göstərdiklərinə görə 1-2 sutka həbsə alıblar. Məsələ Azərbaycan mətbuatında, xüsusən “Yeni Müsavat” qəzetində ictimailəşəndən sonra vəziyyət dəyişib. Fəhlələrin həbsi dayandırılıb. 
 
Bu şirkət Azərbaycanda nəqliyyat infrastrukturunun tikintisi sahəsində iri layihələrin həyata keçirilməsi ilə məşğul olan  “Azərkörpü” ASC-dir. Sadəcə, adını dəyişib. Yeni adı “EVRASCON” ASC-dir. “Azərkörpü” Bakı şəhərində SSRİ-nin Nəqliyyat Tikintisi Nazirliyi yanında 1968-ci ildə yaradılıb və fəaliyyətə “Körpütikintidəstəsi-100" kimi başlayıb. Bu müddət ərzində müəssisə Azərbaycanda nəqliyyat infrastrukturunun tikintisi sahəsində təcrübə toplayıb. 2001-ci ildə həyata keçirilən özəlləşdirmə nəticəsində şirkət səhmdar cəmiyyət statusunu alıb. Şirkət 5 min 423 nəfərlə müqavilə bağlayıb. Şirkətin baş nazirin müavini Abid Şərifovun patronajlığı altında fəaliyyət göstərməsi barədə məlumatlar var. A.Şərifov yazılanlarla bağlı ”Yeni Müsavat"a danışıb. Baş nazirin müavini şirkətin ona bağlılığının olmasını təkzib etməyib. 

Google+ WhatsApp ok.ru