Prezident Administrasiyası qarşısında aksiya keçiriləcək

`Sevil Massivi` MTK-dan zərərçəkənlər nə pullarını, nə də əmlaklarını ala bilirlər

“Sevil Massivi” Mənzil Tikinti Kooperativinin (MTK) rəhbərliyi tərəfindən aldadılmış payçılar 1 dekabr 2015-ci il tarixdə Prezident Administrasiyasının (PA) qarşısında etiraz aksiyası keçirəcəklər. Bu barədə məlumatı “Bizim Yol” qəzeti yayıb. Aksiyaya səbəb budur: Payçılar nə mülklərinə sahib ola, nə də ödədikləri vəsaiti geri ala bilirlər.
 
“Dekabrın 1-i, saat 10.00-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə MTK təsisçisi Aynur Zeynalov, kooperativin direktoru Elçin Ismayılov, həmçinin digər təqsirləndirilənlər – Zabit Çələbiyev, Mirnamat Miradiyev, Səbinə Əliyevanın  cinayət işi üzrə növbəti məhkəmə prosesi keçiriləcək. Həmin prosesdən sonra, biz payçılar PA-nın qarşısında toplaşacağıq. Qurumun məsul şəxsləri tərəfindən qəbul olunmağımızı xahiş edəcəyik. Çünki bizim bura etdiyimiz müraciətlərdən sonra, həmişə bizə vəd verirdilər ki, problem tezliklə həll olunacaq. Bizə ya əmlakımız, ya da pulumuz qaytarılacağı deyilirdi. Biz yenidən müraciət edərək vədlərinə əməl etmələrini xahiş edəcəyik”, – deyə zərərçəkmiş Elnur Məmmədov bildirib.
 
Onun sözlərinə görə, müraciətdə Abşeron Rayon Icra Hakimiyyətinin Xırdalan icra nümayəndəsi Fikrət Orucovdan şikayət öz əksini tapacaq: “Biz 5 ay davamlı olaraq Prezident Administrasiyasının, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsinin, Abşeron Rayon Icra Hakimiyyətinin qarşısında dəfələrlə etiraz aksiyası keçirib, yazılı və şifahi müraciətlər etmişik. Bütün müraciətlərimiz Fikrət Orucova göndərilib.
 
Bu şəxs də bizi 6 ay get-gələ saldıqdan sonra, ”gedin hara istəyirsiniz şikayət edin” dedi.  Payçıların kiçik bir hissəsinə dəymiş zərər ödənildi. Onlar ya evlə təmin olundu, ya da pulları özlərinə qaytarıldı. Amma bizə dəymiş zərər hələ də ödənilməyib. Məhkəmə prosesi isə uzanır. Biz inanmırıq ki, məhkəmə bizə dəymiş zərəri ödətdirə biləcək. Bəli, cinayətdə təqsirli bilinən şəxslərə cəza veriləcək, amma bu qərar bizə dəymiş zərəri qarşılamayacaq”.

Google+ WhatsApp ok.ru