Maide.az

Zərərçəkən Xədicə İsmayılovanı günahkar saymadı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan jurnalist Xədicə İsmayılovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi  keçirilib. Virtualaz.org saytının prosesdə iştirak edən müxbirinin verdiyi xəbərə görə, prpsesə hakim Ramella Allahverdiyevanın sədrlik edir. Prosesdə müstəqil mətbuat nümayəndələri və vətəndaş cəmiyyətinin fəalları yenidən zala buraxılmayıblar. Eyni zamanda X.İsmayılovanın iki qohumu, həmçinin ABŞ, Fransa, Niderland və Aİ səfirliklərinin əməkdaşları zala buraxılıblar. Məhkəmə binasının yanına müxalifət, hüquq-müdafiə və gənclər təşkilatlarının nümayəndələri toplaşıblar. Bu gün prosesdə “zərərçəkən” Tural Mustafayev, həmçinin şahidlər – jurnalistlər Çingiz Sultansoy, Şahvələd Çobanoğlu, hüquqşünaslar Samirə Ağayeva və Rövşanə Rəhimli (T.Mustafayevin keçmiş nişanlısı) çıxış edirlər. Zərərçəkmiş qismində ifadə verən Tural Mustafayev bildirdi ki, istintaqa verdiyi ifadədə dediyi fikirlər psixoloji problemləri ilə bağlı olub: “Oktyabrın 20-də intihara cəhd etməyimin Xədicə İsmayılla heç bir əlaqəsi yoxdur. Onun şərəf və ləyaqətimi alçaldan nə isə yazdığını da xatırlamıram. İstintaqda demişəm ki, Xədicə İsmayıl Emin Milli ilə münasibətlərindən istifadə edərək mən “Azadlıq” radiosundan çıxandan sonra “Meydan” TV-də işləməyimə mane olub. Bu da düz deyil”. T.Mustafayev bildirib ki, X.İsmayılovanın onun intihar cəhdinə bağlılığı yoxdur. Onun sözlərinə görə, öz nişanlısı ilə mübahisədən sonra bu addımı atıb. Zərəçəkmişin ifadəsi istintaqa verdiyii fadə ilə ziddiyyət təşkil etdiyindən onun istintaqa verdiyi ifadə yenidən məhkəməyə təqdim olundu. Daha sonra vəkillər Tural Mustafayevin zərəçəkmiş statusunun ləğv edilməsi ilə bağlı vəsatət qaldırdı. Bundan sonra Tural Mustafayevin anası Nəzakət Mustafayeva və nişanlısı Rövşanə Rəhimova şahid qismində ifadə verdi. Anası Göyçayda yaşadığını və Turalın intiharından yalnız o xəstəxanda olanda xəbər tutduğunu bildirdi. Əlavə etdi ki, Turalın harada işləməyi barədə də məlumatı olmayıb. Rövşanə Rəhimova isə bildirdi ki, T.Mustafayevlə 6-7 ay nişanlı olub və bu vaxt ərzində T.Mustafayev 3 dəfə intihara cəhd edib: “Bunların heç biri Xədicə İsmayılla bağlı olmayıb. Turalın psixi problemi var idi. İçəndə özündə olmurdu və məni döyürdü. Buna görə dəfələrlə ayrılmaq istəmişəm. Sonuncu intihar hadisəsindən 4 gün əvvəl isə məcbur olub nişanı qaytardım. Ona həkim də diaqnoz qoyub ki, o, psixopatdır və sağalan xəstə deyil”. Baş Prokurorluğun mətbuat xidmətinin X.İsmayılovanın həbsi ilə bağlı yaydığı məlumatda bildirilir ki, “Azadlıq” radiosu və “Meydan TV” teleradio şirkətində müxbir vəzifəsində işləmiş Tural Mustafayevin oktyabrın 20-də Dənizkənarı Milli Parkda sink-oksid dərmanı qəbul edərək özünü öldürməyə cəhd etməsi faktına örə Səbayel Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. X.İsmayılova jurnalist Tural Mustafayevin şikayəti əsasında saxlanılıb. T.Mustafayevin intihara cəhd etməsi ilə bağlı Səbayel Rayon Prokurorluğunda fakt əsasında Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb və bu ittiham üzrə 5 dekabr, 2014-cü ildə X.İsmayılova barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Sonradan X.İsmayılovaya qarşı Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə yeni ittihamlar elan olunub. Bu ittihamlara görə jurnalisti 12 ilədək həbs gözləyir.