YUNİSEF: Yəməndə bütün uşaqlar yardıma möhtacdır
BMT-nin uşaqları müdafiə fondu YUNİSEF Yəməndə bütün uşaqların təcili humanitar yardıma ehtiyaclı olduğunu açıqlayıb. Maide.Az “İQNA”a istinadla xəbər verir ki, YUNİSEF bəyanat yayaraq bildirib ki, Yəməndə uşaqların təqribən hamısı aclıq təhlükəsi ilə üz-üzədir. “Bu uşaqlar həmçinin difteriya, vəba və ishal kimi xəstəliklərə məruz qalır və təcili yardıma ehtiyacları var.” Bəyanatda bildirilir ki, Səudiyyə rejiminin təcavüzü nəticəsində baş vermiş qarşıdurmalar nəticəsində ötən 3 il yarım ərzində 6 mindən çox uşaq öldürülüb. Müharibə nəticəsində ölkədəki infrastruktur dağıdılıb. Su çatışmamazlığı və səhiyyə xidmətlərinin olmaması durumu daha da ağırlaşdırır. 1 milyon yarım yoxsul ailə YUNİSEF-in nağd pul yardımından yararlanır. Hazırda Yəmən xalqına yardım üçün pul vəsaiti toplanır. Xatırladaq ki, Səudiyyə Ərəbistanı rejiminin rəhbərlik etdiyi koalisiya qüvvələrinin 2015-ci ildən indiyədək Yəmənə amansız hücumları və təcavüzü nəticəsində rəsmi məlumatlara görə, 10 mindən çox uşaq və qadın həyatını itirib, 55 min nəfər yaralanıb, 8,4 milyon nəfərin aclıq həddinə yaxınlaşdığı bildirilir. Ölkəyə humanitar yardımın əngəllənməsi səbəbindən Yəməndə kütləvi xəstəliklər hökm sürür.