Maide.az

Yeni təklif: Kredit ombudsmanı olsun

Azərbaycan Demokratiya və Rifah Hərəkatının rəhbəri iqtisadçı-alim Qubad İbadoğlu bəzi dövlət orqanlarına bankların durumunu yaxşılaşdırmaq məqsədi güdən təkliflər ünvanlayıb. O, həmin təkliflərdən AzadlıqRadiosuna da söz açıb.   MİLLİ MƏCLİSƏ VƏ MƏRKƏZİ BANKA TƏKLİFLƏR   Ekspertin fikrincə, borclu duruma düşəndə həyat şəraitlərinin pisləşməməsi, amma borc bazarında yenidən iştiraklarına müəyyən məhdudiyyət yaradılması üçün fiziki şəxslərin iflası haqqında qanun qəbul edilməlidir: «Hüquqi şəxslərin müflisləşməsi haqqında qanunda nəzərdə tutulan prosedurlar sadələşdirilməlidir. Kredit ombudsmanı da yaradılmadır».   Q.İbadoğlu «Problemli Kreditlər Agentliyi»nin yaradılmasını və problemli kredit portfelinin satılması qaydalarının müəyyənləşdirlməsini də önəmli sayır: «Sığortalanan əmanətlərin dərəcələri manatla 12 faizdən 15 faizə, valyuta ilə 3 faizdən 5 faizə qaldırılmalıdır. Devalvasiya nəticəsində məzənnə fərqindən yaranan itki banklar, müştərilər və dövlət arasında bərabər paylaşılmalıdır».   AYRICA MƏRKƏZİ BANKA TƏKLİF   Ekspert borcunu vaxtında ödəyən vətəndaşlara yenidən maliyyələşmə imkanı verilməsini təklif edir: «Konkret hansı həddə və faizdə borcu olanların kreditlərinin faiz həddini nə qədər aşağı salmağı, müddəti nə qədər artırmağı göstərən qaydalar müəyyənləşdirilməlidir. Müştərilərin, əsasən, aztəminatlı ailələrin aylıq kredit ödəmələri onların gəlirlərinin 1/3-i səviyyəsini aşmamalıdır. Antikollektor şirkətlərinin müştərilərə yardım göstərməsinə şərait yaradılmalıdır. Müştərilər öz hüquqlarını qoruya bilməli və onlara kömək edən təşkilatlardan yararlanmalıdır».   Baş banka bu tövsiyələr də var:   - İş yerini itirdiyinə görə kredit borcunu ödəyə bilməyənlərə kreditin məbləğindən asılı olaraq, 1 ildən 3 ilədək əlavə vaxt verilməlidir ki, onlar özünə iş tapandan sonra kreditlərini qaytara bilsinlər;    - Yüksəkriskli kreditlərin verilmə prosesi dayandırılmalı və belə hallara yol vermiş bankların itkiləri kompensasiya edilməməlidir;   - Bankların kapitallaşma dərəcəsi artırılmalıdır.   MALİYYƏ BAZARLARINA NƏZARƏT PALATASINA TƏKLİFLƏR   Q.İbadoğlu valyuta ilə kreditlərin aşağıdakı seqmentlərə verilməsini təklif edir:   - İxracatçı və valyutagətirən şirkətlərə;   - Xaricdən istehsal avadanlığı gətirən şirkətlərə. Bu zaman kreditlər kreditgöturənə deyil, birbaşa avadanlıq istehsalçısına ödənilsin;   - Gündəlik istehlak malları (geyim, qida və s.) idxal edənlərə. İdxalçıların valyuta gəlirləri və ehtiyatları arasında əlaqə formalaşdırılsın;    - Xaricdən cəlb edilən kredit faizlərinə maksimum hədd qoyulsun. Yəni hər hansı bir bank xaricdən kredit cəlb edərsə, müəyyən faiz dərəcəsindən yuxarı faizlə kredit cəlb edə bilməz. Maksimum həddin müəyyən edilməsi isə ölkənin və bankın reytinqinə bağlanmalıdır.    - Yerli bank səhmlərinin müəyyən bir qismi, məsələn, maksimum 20 faizi xarici investorlara satılsın.   BANKLAR ASSOSİASİYASINA, KOMMERSİYA BANKLARINA VƏ BANK OLMAYAN KREDİT TƏŞKİLATLARINA TƏKLİFLƏR   Ekspert 1-ci devalvasiya nəticəsində itkilərə məruz qalanlara daha çox güzəşt verilməsini təklif edir: «1-ci devalvasiyaya uyğun olaraq, 1.05 manat=1 dollar məzənnəsi ilə ödənişə razılaşan müştərilərə, həm ödəniş müddətində və həm də faiz dərəcəsində endirim edilsin. Vaxtıkeçmiş borclarını bağlayan müştərilər əlavə faiz və cərimə ödənişlərindən azad edilməlidir».   Q.İbadoğlunun fikrincə, yeni məzənnə ilə valyuta kreditlərini ödəyən müştərilərə kreditin məbləğindən asılı olaraq, 15-25 faiz arasında mükafat təyin edilə bilər: «Borcunun yarısından az hissəsi qalan müştərilərə qalıq məbləğini manata çevirmək imkanları da yaradılmalıdır».