Maide.az

Yazda özünü yorğun hiss edənlərin nəzərinə – BUNLARI EDİN

Bahar mövsümündə isti və günəşli havaların yaratdığı müsbət təsirlə yanaşı özünü göstərən halsızlıq və yorğunluqlara da diqqət edin!   Hər fəsildə daha sıx rastlanan, özünə xas xəstəliklər baş qaldırır. Məsələn, qış aylarında yuxarı tənəffüs yolu infeksiyaları, yayda isə bağırsaq infeksiyaları daha çox yaşanır. Yaz isə havaların isinməyə başlaması ilə bərabər bir çox insanın özünü yaxşı hiss etdiyi bir dövrdür. Ancaq bununla yanaşı bir qrup insanlarda halsızlıq, yorğunluq və həvəssizlik kimi hallar da müşahidə edilə bilər.   Aile.lent.az-ın məlumatına görə, bahar yorğunluğu kimi bilinən bu mövsümi və keçici depressiya iqlim dəyişikliyinin bədəndə yaratdığı yorğunluq hissidir. Yorğunluqla yanaşı, iştaha azalması, əzələ, oynaq ağrıları, yuxu problemi, qadınlarda menstruasiya pozğunluğu kimi əlamətlər də müşahidə olunur.     Bahar yorğunluğu niyə baş verir?   Məlumdur ki, bədənin ətrafdakı dəyişikliklərə uyğunlaşması və hormonlar sisteminin yenidən qaydaya düşməsi vaxt tələb edir. Belə halda isə insan ətraf amillərdən daha tez təsirlənir. Fiziki aktivliyin az olması da halsızlıq səbəblərindən biridir.   Kirli hava, havadakı elektrik yükünün artımı və ion dəyişiklikləri yorğunluq hissinə səbəb olan digər amillərdəndir. Ani istilik dəyişikliyi də adaptasiya sistemimizi çətinə saldığı üçün bizi ən çox təsirləndirən mövsümi səbəblərdən biridir.   Bahar yorğunluğu əsasən kirli havası olan iri şəhərlərdə yaşayanlar, stressli həyatı olanlar, pis qidalananlar, çox işləyən, stressi yüksək olan insanlarda və depressiyaya meylli insanlarda daha çox görülür.     Əlamətləri nələrdir?   Bahar yorğunluğunun əlamətləri sırasına yorğunluqla yanaşı bitkinlik, əhvalsızlıq, həmişə yuxulu olmaq, oynaq ağrıları, yuxuya dalıb oyana bilməmək kimi hallar da daxildir.   Bahar yorğunluğu zamanı yaşanan yorğunluq halı uzun çəkmir. Əgər yorğunluq uzun çəkərsə, bu, hansısa xəstəliyin əlaməti ola bilər. Bu hal tiroid xəstəliyi, ciddi depressiya, xroniki xəstəlik, pis xassəli şişlərə işarə ola bilər.     Bahar yorğunluğuna qalib gəlmək üçün nə etməli?   İlk olaraq qidalanmanızı qaydasına salmalısınız. Meyvə-tərəvəz bol yeyilməli, yağ miqdarı aşağı salınmalıdır.   Yüksək kalorili, duzlu, yağlı, tort, çips, duzlu çərəz kimi qidalardan uzaq durun. Yüksək miqdarda qlükoza tərkibli şirniyyat və içkilər az qəbul edin. Bol maye için.   Səhər yeməyini qətiyyən unutmayın. Az-az, tez-tez yeyin. Çay, qəhvə kimi kafeinli içkiləri az için.   Səhər yuxudan oyananda iş otağını, yataq otağınızı, evinizi yaxşı havalandırın. Oksigen daha enerjili olmanıza yardım edəcək.   Gündə 7-8 saat yatın. Yuxu normasını tənzimləsəniz, yazda daha yaxşı hiss edə biləcəksiniz.   Müntəzəm olaraq 30-45 dəqiqəlik piyada gəzintiyə çıxın, idman edin.   Qısa fasilələrlə işləyin. Stressi azalda biləcək idman edin.   Gündə 8-10 stəkan su için.   Mümkündürsə, səhərlər ilıq duş qəbul edin.   Spirtli içki qəbulunu dayandırın, siqaret çəkməyin.