Maide.az

VCMK: Leyla və Arif Yunus azad edilsin

Vətəndaş Cəmiyyətinin Müdafiəsi Komitəsinin Leyla və Arif Yunusun azadlıqdan məhrum edilməsi ilə bağlı bəyanatla cıxış edib.   Sənəddə deyilir:  Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və alim Arif Yunus avqustun 13-də Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 8,5 və  7 il müddətinə azadlıqdan məhrum edilib.   Onlar iqtisadi cinayətdə, o cümlədən dələduzluqda (CM-nin 178.3.2-ci maddəsi), vergi ödəməkdən yayınmaqda (320.1 və 320.2),  qanunsuz sahibkarlıq fəaliyyəti  (213.2.2)  və sənədləri saxtalaşdırmaqda (274) ittiham olunur.   Bu ittihamlar şübhə doğurur, çünki onların cinayətini sübut edən dəlillər ictimaiyyətə təqdim edilməyib. «Açıq məhkəmə» müstəqil mətbuat və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı olmadan qapalı rejimdə keçirilib.   ABŞ və Böyük Britaniya səfirliklərinin məhkəmədə iştirak edən əməkdaşları ittiham sübutlarını inandırıcı saymayıb və bu ölkələrin hökumətləri Yunusların azad edilməsini tələb edib.   Vəkillər Yunusların işlərinə baxılan zaman ciddi pozuntular olduğu barədə bəyanat verib: heç bir şahid dələduzluq ittihamını təsdiq etməyib və iddia qaldırmayıb, bütün donorlar layihələrinin həyata keçirilməsindən razı qalıb və heç bir pozuntu qeydə almayıb.   Məsələnin humanitar tərəfi xüsusən diqqəti cəlb edir. Beynəlxalq tibbi ekspertiza Leyla Yunusun səhhətində ciddi, həyatı üçün təhlükəli problemlər aşkarlayıb. Arif Yunusun səhhətində də ciddi problemlər var. O, məhkəmə iclaslarının gedişində huşunu itirib və onlarda iştirak etmək iqtidarında olmayıb. Buna baxmayaraq Hakim Əfqan Hacıyev ittiham olunan şəxslərin sağlamlığ durumuna və psiholojı gərginliyinə məhəl qoymayaraq  məhkəmə prosessini  dayandırmadan davam etdirmişdir və bu isə işgəncəyə bərabərdir.Bütövlikdə bütün prosess qərəzli və təziq altında keçirilmişdir.    Leyla Yunusun rəhbərlik etdiyi və Arif Yunus da çalışdığı Sülh və Demokratiya İnstitutu  başqa Vətəndaş Cəmiyyəti qurumları kimi insan hüquqlarının qorunmasında, vətəndaş sektorunun inkişafında mühüm rol oynayıb. Bununla əlaqədar digər  QHT-lər kimi xüsusən son ildə sistemli şəkildə təzyiqlərə məruz qalıb.   Yunuslar üzərində məhkəmə prosesinə Azərbaycanda vətəndaş cəmiyyətinə təzyiqlərin və müstəqil səslərin boğulmasının tərkib hissəsi kimi baxmaq lazımdır. Ölkədə bütün QHT-lərin fəaliyyətləri iflic edildiyi faktdır, onların bir qismi prokurorluq və məhkəmə tərəfindən təqib edilir.   Vətəndaş cəmiyyəti üçün bu ağır məqamda VCMK-si olaraq hakimiyyəti özünün bəyan etdiyi insanliq prinsiplərinə riayət edərək  Leyla və Arif Yunusu azad etməyə və müalicə üçün onlara tam şərait yaratmağa çağırırıq. Eləcə də vətəndaş cəmiyyətinin həbsdə olan fəallarını azad etməyə, onlara qarşı məhkəmə təqibinə son qoymağa və Azərbaycan cəmiyyətinin rifahı üçün QHT-lərin fəaliyyətinə şərait yaratmaq məqsədilə qeyri-hökumət sektoru ilə dialoqa başlamağa çağırırıq.