Maide.az

Vəhşi təbiətdə canlıların sayı 60 faiz azalıb

Sibir pələngi   1970-ci ildən bu yana vəhşi təbiətdəki canlıların az qala 3/5-ü məhv olub. Dünya Heyvanlar Aləmi Fondu və Londonda yerləşən Zoologiya Cəmiyyətinin hazırladığı hesabatda deyilir ki, canlıların sayının kəskin azalmasına səbəb insanların fəaliyyətidir.   Hesabata görə, məməli heyvanların, quşların, balıqların, həm suda, həm quruda yaşayan heyvanların, eləcə də sürünənlərin sayı 1970-ci ildən 2012-ci ilə qədər 58% aşağı düşüb.   Mütəxəssislər xəbərdarlıq edirlər ki, belə getsə, 2020-ci ilə qədər canlı təbiət sakinlərinin 2/3-ni itirəcəyik. Dünya Heyvanlar Aləmi Fondunun baş direktoru Marco Lambertini heyvanların sayının misilsiz sürətlə azalmaqda olduğunu bildirib, «biz Yer tarixinin yeni erasına qədəm qoyuruq», - deyib. O, insanların bu soyqırımın qarşısını almaq gücündə olduğunu da vurğulayıb.   Hesabatda deyilir ki, artmaqda olan dünya əhalisi şəhərlər salmaq, təsərrüfatlar yaratmaq məqsədilə əraziləri təmizləyərkən təbiəti məhv edir. Heyvanların məhvinin digər səbəbləri çirklənmə, bioloji növlərə müdaxilə, ov və iqlim dəyişikliyidir. (azadlıqradiosu) /