Maide.az

Vətəndaş Cəmiyyətini Müdafiə Komitəsi hakimiyyəti və Nardaran icmasını dialoqa çağırıb

Vətəndaş Cəmiyyətini Müdafiə Komitəsi Nardarandakı vəziyyətə həsr olunmuş xüsusi iclasını keçirib. Müzakirə zamanı komitə üzvləri aşağıdakıları bəyan etməyi özlərinə borc biliblər:   Noyabrın 26-da güc qurumlarının Nardaranda keçirdikləri əməliyyatın elan edilmiş məqsədi – radikal islamçı qrupun zərərsizləşdirilməsi ciddi şübhələr doğurur, belə ki, bu əməliyyat tutarlı səbəb olmadan ictimai yerdə həddindən artıq güc nümayiş etdirilməsi ilə keçirilib. Həm polislərdən, həm də Nardaran məscidinin ziyarətçilərindən olan insan ölümü faktı özü, habelə güc qurumu əməkdaşlarının Nardarandakı hərəkətləri, o cümlədən kəndin mühasirəyə alınması, elektrik enerjisinin, qazın kəsilməsi təzyiq subyektinin hər-hansı bir qrup deyil, qadınlar, yaşlılar və uşaqlar da daxil olmaqla, bütün Nardaran əhalisi olduğunu göstərir.   Hüquq-mühafizə orqanlarının imkanlarını bilərək, demək olar ki, qanunsuz əməllərdə iştirak etməkdə şübhəli bilinən şəxslərin həbsi istənilən vaxt lokal və fərdi formada, insan itkisinə və Nardaran sakinlərinə mənəvi, maddi ziyan vurulmasına ehtiyac olmadan həyata keçirilə bilərdi.   Kənd əhalisinin maliyyə borcu bəhanəsi ilə bütün kommunal xidmətlərinin kəsilməsi həm qanun, həm də əxlaq nöqteyi nəzərdən yolverilməzdir. Bu cür əməllər bir yaşayış məntəqəsində insan hüquqlarının kütləvi şəkildə pozulmasıdır. İnsanların yalnız fərqli düşündükləri və icmanın daxili ənənələrinə görə yaşamaq istədiklərinə görə cəzalandırılması Azərbaycan vətəndaşlarına güc tətbiq etməklə təsir göstərmək üçün bəhanə ola bilməz.   Hakimiyyətin kənd ağsaqqallarının danışıqlar aparılması təklifindən imtina etməsi qınağa layiqdir, çünki o, məhz dövlət başçısının elan etdiyi multikulturalizm siyasəti çərçivəsində bütün vətəndaşlarla dialoq qurmaq üçün hakimiyyətdir.   Yadda saxlamaq lazımdır ki, ölkə qanunlarından, ümummilli ənənələrdən başqa, həqiqətdə özünəxas yerli adət və ənənələr, dini üstünlüklər də mövcuddur və hakimiyyətin borcu onları güc və cəza tədbirləri ilə boğmaq deyil, onlara hörmət etmək və millətin sərvətinə çevirmək üçün onları uyğunlaşdırmaqdır.   Konstitusiya, ölkə qanunları, azərbaycanlıların dini və patriarxal ənənələri yerli və milli maraqların, icmanın və dövlətin maraqlarının vəhdətini təmin etmək məqsədilə qarşılıqlı hörmət və qarşılıqlı anlayış əldə etmək üçün nadir Nardaran icmasının üzvləri ilə ciddi, dərin və ardıcıl danışıqlar başlanmasını tələb edir.   Komitə həmçinin maraqlı olan xarici tərəfləri Azərbaycan ictimaiyyətində neqativ əhval-ruhiyyə yaratmaqdan imtina etməyə və öz səylərini dövlət nümayəndələri və hörmətli Nardaran icması arasında qarşılıqlı hörmət əldə edilməsinə yönəltməyə çağırmağı özünə borc bilir. contact.az /