Maide.az

Turizm sektorundakı qiymətlər əhalinin durumuna uyğundurmu?- sorğu

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayev ölkədə turizm sektoru ilə bağlı bəzi fikirlərə aydınlıq gətirib. O qeyd edib ki, bu sahədə qiymətlərin kəskin enməsi mümkün deyil: “Heç kəs gözləməməlidir ki, cənab prezidentin tamamilə düzgün ifadə etdiyi tənqiddən sonra nazirlik bir dəqiqənin içində əmr imzalayacaq və bütün qiymətlər 100 faiz düşəcək, sabahdan hamı bütün hotellərə pulsuz gedəcək. Bunlar hamısı yaşayış səviyyəsi ilə bərabər olan xidmət qiymətləridir. Biz bu gün yalnız Azərbaycanın hansısa məkanında turizm xidmətinin baha olmasından danışmamalıyıq”. Ə.Qarayev Azərbaycanda turizm sənayesinin monopoliyada olmasını da inkar edib. Ekspertlər Ə.Qarayevin bu fikirlərinin ciddi müzakirə obyekti olacağını istisna etmirlər.   Milli Şuranın sədri Cəmil Həsənli deyib ki, Azərbaycanda qiymətlər prezidentin çıxışına deyil, inhisarçıların mövqeyinə bağlıdır:“Ölkədə bütün sahələrdə inhisarçılıq hökm sürür. Bu baxımdan qiymətləri də inhisarçılar təyin edir. Azərbaycanı əhatə edən bütün ölkələrdə bananın pərakəndə satış qiyməti 80 qəpikdən baha deyil. Amma Azərbaycanda banan 2,8 manatdır. Tək bu fakt ölkədə inhisarın hansı səviyyəyə gəlib çıxmasının təzahürüdür. Aydın məsələdir ki, indiki qiymətlərlə heç bir xarici turist Azərbaycanda dincəlmək istəməyəcək. Çünki, bu qiymətlər onlar üçün sərfəli deyil. Bu qiymətlər turistlərin cibinə hesablanmayıb. Bütün hallarda tursit axınını cəlb etmək üçün qiymətlərə yenidən baxmaq lazımdır. Şirkətlər mənfəəti turistin çox olmasından götürməlidirlər. Daha az olan turistlərdən yüksək xidmət haqqı almaqla deyil. Qiyməti bazar tənzimləməlidir. Ölkədə fantastik qiymətlərin bir səbəbi var, o da inhisardır”.   İqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, turizm sektorunda qiymətlərin aşağı salınması və xidmətlərin yüksəldilməsi kifayət qədər zəruridir: “Apardığımız monitorinqlər göstərir ki, turizm sektorunda qiymətlər yüksək olaraq qalmaqda davam edir. Qiymətlərin yüksək olması təəssüf ki, xidmətlərin artırılması ilə nəticələnməyib. Qiymətləri aşağı salarkən iş adamlarının gəlirlilik səviyyəsini də nəzərdən qaçırmaq olmaz. Amma qiymətlərin aşağı salınması üçün dövlət dəstəyinə ehtiyac var. Sahibkarları inzibati yolla qiymətləri aşağı salmağa məcbur etmək olmaz. Bu istiqamətdə sahibkarlara stimullaşdırıcı təkliflər vermək lazımdır. Mərkəzi və Şərqi Avropa ölkələrinin təcrübəsinə baxsaq görərik ki, bu sahədə inkişaf əldə etmək üçün dövlətin birbaşa və ya dolayısı ilə maliyyə dəstəyinin göstərməsinə ehtiyac var. Mərkəzi və Şərqi Avropa ölkələrində turizmə güzəştli vergilər tətbiq edilir. Bu da sahibkara imkan verir ki, bu sahədə təklif etdiyi xidmətlərdə qiymətləri aşağı salsın. Məlumdur ki, bəzi otellərdə qiymətlər süni şəkildə şişirdilir. Qısa müddətdə daha çox gəlir əldə etmək istəyi var. Amma dövlət bu sahədə müəyyən xərcləri öz üzərinə götürməklə müəyyən xərcləri azalda bilər və bu da birbaşa qiymətlər təsir göstərən amildir”.   Ziyalılar Birliyinin rəhbəri, Milli Şuranın üzvü, kinodramaturq Eldəniz Quliyev bildirib ki, prezidentin tapşırıqlarına bu kimi hörmətsizlik ilk dəfə deyil: “Azərbaycanda turzim sektoru bərbad vəziyyətdədir. Belə olmasaydı hər il yüzminlərlə insan qonşu Gürcüstan ərazisinə istirahət etmək üçün getməzdi. Digər tərəfdən təəssüflə qeyd etmək lazımdır ki, prezidentin tapşırıqlarına bu kimi hörmətsizlik ilk dəfə deyil. Prezident bir neçə dəfə məmur uşaqlarının qudurğanlıqlarından danışıb. Eyni zamanda bu kimi halların təkrar baş verəcəyi təqdirdə onların cəzalandırılacağını da bildirib. Amma biz demək olar hər gün qudurğan məmurların qudurmuş övladlarının azğınlıqlarına şahidlik edirik. Ondan əvvəl yumurtanın qiymətini aşağı salınması, təyyarə biletlərinin qiymətinin baha olması ilə bağlı da fikirlər səsləndirilmişdi. Biz həmişə qeyd etmişik ki, Azərbaycanda avtoritar üsul idarə sistemi hökm sürür. Ölkə bir nəfərin iradəsi ilə nizamlanır. Amma ölkədə prezidentin fikirlərinə etina etməyən məmurlar formalaşmaqdadır. Mədəniyyət və turizm nazirinin bu fikri də absurddur. Azərbaycan turzm sektoru kimi cəlbedici ola bilər. Bundan ötrü qiymətlər endirilməlidir, infrostruktur düzəlməlidir”. Deyerler /